Koronavirusla mübarizə üçün Çindən göndərilən tibbi ləvazimatların ilk hissəsi ABŞ-a çatıb

30 Mart 2020 23:37 (UTC+04:00)

Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə istifadə etmək üçün Çindən göndərilən tibbi ləvazimatların ilk hissəsi ABŞ-a çatıb.

SİA Çin KİV-lərinə istinadla xəbər verir ki, Çinin ianə kimi göndərdiyi fərdi qoruyucu vasitələrlə yanaşı, ABŞ-ın Çin şirkətlərindən aldığı tibbi ləvazimatları Şanxaydan gətirən təyyarə Nyu-York hava limanına enib. Bu, Birləşmiş Ştatlar hökumətinin Çin, Malayziya, Vyetnam da daxil olmaqla Asiya ölkələrindən pandemiya ilə mübarizədə istifadə etmək üçün aldığı tibbi ləvazimatların ilk hissəsidir.

Çinin Vaşinqtondakı Səfirliyinin açıqlamasında deyilir ki, təyyarə 12 milyon ədəd tibbi əlcək, 130 min N95 maskası, 1,7 milyon tibbi maska, 50 min həkim önlüyü, 130 min şüşə dezinfeksiya məhlulu və 36 min termometr gətirib. Təyyarənin yükü arasında "Huawei" şirkətinin ianəsi olan 10 min maska, 20 min qoruyucu geyim, 10 min əlcək və 50 min tibbi gözlük də var.

Qeyd edək ki, Birləşmiş Ştatlar hazırda COVID-19 infeksiyasına ən çox yoluxma qeydə alınan ölkədir. Son məlumata əsasən, 156 min 690 yoluxma, 2870 ölüm faktı qeydə alınıb.