"Koronavirus pandemiyası vətəndaşlarımızın gəlirlərinə birbaşa təsir göstərir" MÖVQE

30 Mart 2020 16:24 (UTC+04:00)

"Bu gün Milli Məclisin növbəti plenar iclası oldu. Kifayət qədər məhsuldar keçən iclasda 16 məsələ müzakirə edildi. "Daşınar Əmlakın Yüklülüyü" haqqında qanuna dəyişikliklər ilə bağlı plenar iclasda çıxışım zamanı bir sıra məsələlərə, o cümlədən kreditlərə çıxış imkanlarının genişləndirilməsi və növbəti 3 ay müddətində kreditlərə güzəştin verilməsini təklif etdim". Bunu SİA-ya millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, koronavirus pandemiyası vətəndaşlarımızın gəlirlərinə birbaşa təsir göstərir: "Sahibkarlar və vətəndaşlar üçün 3 ay müddətində kredit ödənilməsində güzəştlər müəyyən edilməsi və yubanmalara görə faiz və cərimələr hesablanmamasını təklif etdim. Eyni zamanda, bankların likvidliyinin qorunub saxlanılması üçün də Mərkəzi Bankın banklara aşağı faizli, mərkəzləşdirilmiş kreditlər təklif etməsi zəruridir. Kreditlərə 3 aylıq güzəştin tətbiq edilməsi indiki halda bank müştəriləri olan vətəndaşlarımıza xüsusi dəstək olardı.

Digər tərəfdən, ölkə üzrə 15.1 milyard manatlıq kredit portfelinin 12.1 milyard manatı Bakının payna düşür. Bu o deməkdir ki, kommersiya bankları kreditlərinin cəmi 20 faizini Bakıdan kənar təklif edirlər. Deməli, hər 100 manat kreditin cəmi 20 manatı rayonlara verilir. Bunun əsas səəblərindən biri də bankların rayonda fəaliyyət göstərən sahibkarlardan girov kimi paytaxtda əmlak tələb etməsidir. Rayon sahibkarlarının çoxunun belə girovlar təklif etmək imkları yoxdur. Bu baxımdan, daşınar və daşınmaz əmlaklar üzrə də girov mexanizminin təkmilləşdirilməsini təklif etdim. Başqa tərəfdən, 2018-ci ilin mart ayinda istifadəyə verilən Daşınar Əmlakın Yüklülüyü Reyestri Portalı hazırda aktiv deyil və bu da daşınar əmlakın reysterində çətinliklər yaradır. Bu baxımdan, "Daşınar Əmlakın Yüklülüyü" haqqında qanunun icrasının qiymətləndirilməsi məqsədəuyğun olardı".