Tayland kralı Almaniyada 20 qadını ilə oteli bağlatdı

30 Mart 2020 13:34 (UTC+04:00)

Tayland kralı Maha Vajiralongkorn Almaniyada koronavirusdan qorunmaq üçün lüks oteli bağlatdıraraq 20 qadını ilə birlikdə özünü karantin altına alıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Alman mətbuatında yer alan xəbərə görə, otelin sözçüsü kralın oteli tamamilə bağlatdırdığını deyib və homogen bir qrup olduğu üçün təhlükə olmadığını bildirib.

Kralın 4 ulduzlu otelin tamamilə bağlatması üçün rayon rəhbərliyindən xüsusi icazə aldığı bildirilir.
Almaniyanın "Bild" qəzetinin verdiyi məlumata görə, 67 yaşlı kralla birlikdə 20 qadının Bavariya Alplarında olduğu bildirilir. Kralın dörd arvadının qrupla oteldə olub-olmadığı bilinmir.

Bölgədəki otellər koronavirus epidemiyası səbəbiylə bağlıdır. Kralın ətrafındakı 119 adamın koronavirusa tutulduqları şübhəsi ilə ölkələrinə geri göndərilib.

Kralın Almaniyaya getdiyini öyrənən minlərlə Tayland vətəndaşı sosial medialar vasitəsi ilə buna etiraz edib.

Xatırladaq ki, Taylandda kralı təhqir edən və ya tənqid edənlər 15 ilə qədər həbs cəzası ala bilər.