"Dövlət tibb işçilərinə ən yüksək səviyyədə maddi və mənəvi dəstəyini göstərir"

30 Mart 2020 12:49 (UTC+04:00)

"Biz dəfələrlə bu cür taleyüklü anlarda Azərbaycan xalqının bir yumruq kimi birləşdiyinin şahidi olmuşuq. Lakin bu birliyin formalaşmasını şərtləndirən əsas amillərdən biri də dövlətlə cəmiyyət arasında möhkəm qarşılıqlı etimadın, inamın olmasıdır. Bu baxımdan, Azərbaycanda xalq-iqtidar birliyi mövcuddur. Məhz buna görə də gözlənilməz vəziyyətlərdə dövlət cəmiyyəti vahid bir amal ətrafında birləşdirə bilir". SİA-nın xəbərinə görə, bu fikirləri Milli Məclisin deputatı Ramin Məmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

O bildirib ki, koronavirus pandemiyası ilə bağlı dünyada yaranmış vəziyyət Azərbaycanda da cəmiyyətin bütün təbəqələrinin konsolidasiyasını zərurətə çevirib: "Ölkədə güclü dövlət, siyasi hakimiyyət və güclü siyasi lider var. Ona görə də qısa bir müddətdə cəmiyyəti toparlamaq, ümümi hədəflər uğrunda səfərbər etmək mümkün olur".

Deputat hesab edir ki, hər zaman olduğu kimi bu çətin tarixi anda da Azərbaycan xalqı növbəti dəfə müdrikliyini nümayiş etdirərək dövlətin gördüyü çoxşaxəli tədbirlərə dəstəyini verəcək: "Qısa müddət ərzində Koronavirusla Mübarizəyə Dəstək Fonduna kifayət qədər ciddi məbləğdə vəsaitin toplanması, müxtəlif təbəqələrdən, hətta fərqli siyasi cinahlardan gələn dəstək mesajları dediklərimizə əyani sübutdur".

R.Məmmədov söyləyib ki, hazırki məqamda hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşür: " Lakin ən ağır vəzifəni yerinə yetirənlər səhiyyə işçiləri, həkimlərdir. Dövlət bu insanlara ən yüksək səviyyədə maddi və mənəvi dəstəyini göstərir. Ancaq xalqın mənəvi dəstəyi də onlar üçün xüsusi məna və əhəmiyyət kəsb edir. Sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində səslənən dəstək mesajları həkimlər üçün böyük mənəvi stimuldur".