"Dezinfeksiya işlərinin təkmilləşdirilməsinə ehtiyac var"

30 Mart 2020 12:05 (UTC+04:00)

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsi müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, müzakirələr zamanı sualla çıxış edən millət vəkili Tahir Kərimli xüsusi karantin rejimində məhdudiyyətlərin deputatlara şamil edilməməsinin fövqəladə vəziyyət elan olunduqda davam etməsi ilə bağlı maraqlanıb.

O bununla yanaşı Milli Məclisin iclasının qapalı keçirilməsi lazım gələrsə, bu halda prosedurun necə olacağı məsələsinə aydınlıq gətirilməsini istəyib: "Dövlət qurumlarında çalışan insanların qeyd edilən izolyasiya qaydalarına əməl etməməsi insanlar arasında birmənalı qarşılanmır. Digər tərəfdən, 65 yaş məhdudiyyəti təqaüdçülərə aid edilməlidir, işləyənlərə yox. Eyni zamanda dezinfeksiya işlərinin də təkmilləşdirilməsinə ehtiyac var. Yarmarkaların fəaliyyətinə də çox ciddi nəzarət edilməlidir. Çünki bu insanlar virusun rayonlarda da yayılmasına səbəb ola bilərlər".