Hərbi qulluqçular icbari tibbi sığorta ödəməyə nə vaxt başlayacaqlar?

30 Mart 2020 11:35 (UTC+04:00)

Muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslərin icbari tibbi sığorta ödəməyə başlayacağı müddət uzadılıb. SİA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında qəbul edilən "Tibbi Sığorta haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, həmin şəxslər 2020-ci il aprelin 1-dən icbari tibbi sığorta ödəməyə başlayacaqdı. Dəyişikliyə əsasən, bu müddət 2021-ci il yanvarın 1-dək uzadılıb.

Qeyd edək ki, həmin şəxslər üçün icbari tibbi sığorta haqları sığortalı tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz həcmində müəyyən edilib.