Azərbaycanda icbari tibbi sığortanın tətbiqi müddəti uzadıldı

30 Mart 2020 11:48 (UTC+04:00)

Milli Məclis bu gün keçirilən plenar iclasında Azərbaycanda icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi müddətinin uzadılmasını müzakirə edib. SİA-nın məlumatına görə, MM-in Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov "Tibbi sığorta haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib ki, bütün tibb işçiləri ola biləcək problemlərin qarşısının alınması, ölkədə pandemik vəziyyət artdığı zamanı hansı addımların atılması üçün ciddi işlər aparır".

O bildirib ki, icbari tibbi sığortanın ölkə üzrə mərhələli şəkildə tətbiq edilməsində koronavirusla əlaqədar çətinliklər yaranıb: "Ona görə də icbari sığortanın mərhələli tətbiqi ilə bağlı müddətlərə dəyişiklik edilir".

Dəyişikliyə əsasən, icbari tibbi sığorta 2021-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunacaq.

Qüvvədə olan qanuna əsasən isə icbari tibbi sığorta 2020-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunmalı idi.

Müzakirələrdən sonra təklif səsə qoyularaq qəbul edilib.