“Hər bir vətəndaş qaydalara əməl etməli, epidemiyanın yayılmasında vasitəçi olmamalıdır" - Rasim Quliyev

29 Mart 2020 19:24 (UTC+04:00)

"Resurs" Analitik İnformasiya Mərkəzi koronavirus pandemiyasına ölkəmizdə də rast gəlindikdən sonra bir neçə dəfə mətbuatda mövqeyini bildirərək, bu aktiv yoluxma qabiliyyəti olan virusun nə qədər təhlükəli olduğunu vurğulamış, lakin ondan qorxmaq üçün heç bir əsasın olmadığı bildirilmişdir. Çünki insanlarımızın təbii immuniteti, milli-mənəvi dəyərləri istənilən təhlükənin qarşısında durmağa imkan verir.

SİA "olaylar.az"a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti və höküməti tərəfindən virus epidemiyası başlayan andan və pandemiya elan olunan dövrə qədər Ümümdünya Səhiyyə Təşkilatı ilə birgə, əlaqəli fəaliyyət qurularaq vaxtında çox müdrik, çevik qərarlar qəbul edilmişdir. Belə ki, pandemiyanın hazırda bütün dünyada geniş vüsət aldığı, bəşəriyyətin bu bəla ilə üzbəüz ölüm-dirim savaşını apardığı bir vaxtda Azərbaycan dövləti Cənab Prezidentin rəhbərliyi altında vaxtında çevik qərarlar və önləyici tərbirlər həyata keçirir.

Resurs Analitik İnformasiya Mərkəzinin rəhbəri Rasim Quliyev bildirir ki, dövlət tərəfindən hər cür tibbi, maddi-texniki ləvazimat və təminat qabaqcadan təmin edilmiş və müəyyən qərarlar qəbul olunmuşdur: "Buna görə də Azərbaycan dövləti bu epidemiyaya qarşı mübarizəyə ölkə resurslarını tələb olunan səviyyədə cəlb etməklə tam hazır bir vəziyyətə gətirmişdir. Və bütün dünyaya yayılmış bu epidemiya təbii olaraq bizim sərhədlərimizdən daxil olduqda, ardıcıl qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə başlanıldı. Buna misal olaraq, ilk öncə, sərhədlərin bağlanması, daha sonra lokalizasiya tədbirlərinin həyata keçirilməsi ilə bu pandemiyaya qarşı ölkə ərazisində bütün resursların cəlb edilməsi ilə mübarizəyə başlanıldı".

Rasim Quliyev bildirir ki, möhtərəm Cənab Prezident xalqa müraciət edərək, yenə müdrik və önləyici addımlar atdı və özü bir nümünə göstərərək bütün vətəndaşları həmrəyliyə səslədi: "Çünki bu epidemiyanın, bu virusun gəzən ayaqları insanlardır. Bu virus özü bir yerdən başqa yerə hərəkət edə bilmir, bunu ancaq insanlar öz vicudunda bəsləyirlər və ötürürlər. Yəni bu virusun yayılma imkanı yalnız insanların birindən digərinə ötürülməsidir. Buna görə də möhtərəm Prezident dövlətin, hökümətin öhdəsində olan bütün administrativ-inzibati resurslardan istifadə etməklə bu epidemiyanın yayılmasının qarşısının alınmasına çalışır və səyləri bu istiqamətdə birləşdirir, xəstəliyə yoluxanların müalicəsini isə birbaşa nəzarətində saxlayır.

Biz əvvəllər də Resurs Analitik İnformasiya Mərkəzi olaraq bu virusla, epidemiya ilə bağlı analitik materiallarımızda qeyd etmişik ki, virusla mübarizədə əsas məsuliyyət vətandaşların öhdəsinə düşür. Hazırda dövlətin bütün qoyduğu qaydalara hər bir vətəndaş şüurlu surətdə, anlaşıqlı formada və elmi cəhətdən əsaslandırılmış şəkildə əməl etməlidir. Yalnız bununla biz düşmənə, bu dünyaya insanın özünün gətirdiyi, bəxş etdiyi bu bəlaya qarşı mübarizə apara bilərik. Ona görə də burada vətəndaş məsuliyyətindən, vətəndaş cavabdehliyindən daha çox söhbət gedir və bütün vətəndaşlar başa düşməlidir ki, bu işdə öz ölkələrinə, dövlət başçılarına və hökümətlərinə kömək etməlidirlər. Özünün, ailəsinin, cəmiyyətin sağlamlığı naminə hər bir vətəndaş bu qaydalara əməl etməli, bu epidemiyanın yayılmasında rol oynamamalıdır. Bu virusun başqa bir vətəndaşa, cəmiyyətə yayılmasının qarşısını almaq üçün insanlar şüurlu surətdə bu virusun hərəkətini dondurmalıdırlar. Dondurmaq da, dayandırmaq da ancaq sabit bir yerdə olmaqdan, yəni evdə qalmaqdan ibarətdir. Biz dövlətimiz tərəfindən qəbul edilmiş bu ciddi qaydalara əməl etməklə evdə qalmalıyıq ki, bu virusun hərəkəti məhdudlaşsın. Bu virusun yaşama müddəti, hesab etsək ki, 4-5 gündür. Bu müddət ərzində evdə oturmaqla, zəruri tələbatlarımızı alıb evdən çölə çıxmamaqla biz cəmiyətimizi qoruya bilərik. Yoluxma heç də ölüm demək deyil. Faktlar göstərir ki, yoluxan insanların 95 %-i sağalır və əvvəlki sağlamlığına qovuşur."

Rasim Quliyev Cənab Prezidentin müraciətinə dəstəkləyərək rəhbərlik etdiyi mərkəz adından vətəndaşlarımıza səslənir:

"Əziz vətəndaşlarımız, hər bir kəsin sağlamlığı bizim dövlətimiz üçün çox qiymətlidir. Dövlətimizin ən böyük sərvəti Azərbaycan vətəndaşıdır. Gəlin öz dövlətimizin, öz vətəndaşımızın, öz ailəmizin, özümüzün sağlamlığını düşünərək bu həmrəyliyə qoşulaq və bu virusun inkişafına, hərəkət etməyinə şərait yaratmayaq.

Evdə qalaq! Beş gün evdə qalsaq, hesab edək ki, bu virusun hərəkətini, yoluxdurmaq imkanını xeyli məhdudlaşdıracağıq. Evdə qalmaqla birliyimizi nümayiş etdirək və dövlətimizə bu çətin işdə köməklik edək.

Həmrəy olaq ki, dövlətimizin, cəmiyyətimizin və gələcəyimizin sağlamlığına öz töhfəmizi verək".