Almaniyada 1 gündə 4 minə yaxın insan koronavirusa yoluxub

29 Mart 2020 13:37 (UTC+04:00)

Almaniyada son 24 saat ərzində cəmi 3965 koronavirus infeksiyasına yoluxma aşkar edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yerli Robert Kox İnstitutu məlumat yayıb.

Məlumata görə, təsdiqlənmiş koronavirus diaqnozu olan xəstələrin ümumi sayı 50 min nəfəri keçərək 52 547 nəfərə çatıb. Ölkədə artıq 400-ə yaxın xəstə COVID-19 qurbanı olub. Qeyd olunur ki, son bir gündə 64 nəfər xəstəlikdən ölüb və artıq koronavirusdan ölənlərin ümumi sayı 389 nəfərdir.

Xatırladaq ki, son məlumatlara görə, ölkədə ən çox COVID-19 yoluxma hadisəsi Bavariyada qeydə alınıb. Orada 12 881 nəfərdə sözügedən xəstəlik diaqnozu təsdiqlənib. Şimali Reyn-Vestfaliyada 11 400 nəfər bu xəstəlikdən əziyyət çəkir, Baden-Vürttemberqdə 9794 koronavirus yoluxması aşkar edilib. Almaniyanın paytaxtı Berlində isə COVID-19 ilə əlaqədar 2396 hadisə qeydə alınıb.