"Kiminsə həbsindən istifadə edib hay-küy salmaq mənasızdır" AÇIQLAMA-ÖZƏL

28 Mart 2020 13:12 (UTC+04:00)

"Bu gün dünyada, eləcə də ölkəmizdə koronavirusla bağlı vəziyyət mürəkkəbdir. Əsas diqqət problemin qarşısının alınmasına yönəlib. Belə bir zamanda kiminsə həbsi ilə bağlı hay-küy salmağın adı yoxdur". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Naminə Alyansı Partiyasını sədri Abutalıb Səmədov deyib.

O bildirib ki, bəziləri Tofiq Yaqublunun günahı olmadığını iddia edir: "Hətta bununla əlaqədar çəkilişin olduğu da qeyd olunur. Əgər həqiqətən də belə bir fakt varsa, o zaman yalançı hay-küyə ehtiyac yoxdur. Elə həmin faktları ortalığa qoymaqla həbs olunan şəxsin günahının olub-olmadığını göstərmək olar. Lakin hazırda koronavirusun geniş yayıldığı bir dövrdə kiminsə həbs məsələsindən istifadə edərək onu siyasiləşdirmək mənasızdır. Hesab edirəm ki, hüquq mühafizə orqanları məsləni araşdırıb, düzgün qərarını verəcək".

Partiya sədri söyləyib ki, virusun tüğyan etdiyi bir məqamda epidemiyaya qarşı mübarizədə müxalifət, iqtidar, eləcə də digərləri birləşərək öz səylərini ortaya qoymalıdırlar: "Belə bir məqamdan birgə olmağa ehtiyac var. Lakin çox təəssüf ki, bizdə müxalifət hakimiyyətə düşmən gözü ilə baxır. Bu cür yanaşma sərgiləyən insanlardan birləşmək və ya hər hansı səy göstərəcəyini gözləmək sadəlövhlük olar. Həmin şəxslərin həyatı düşmənçilikdən təmin olunur. Adama elə gəlir ki, onlar nomal mövqe tutsalar, nəyisə itirə bilərlər. Baxsaq görərik ki, müxalifət heç öz arasında birləşmək istəmir. Müəyyən adamlar düşünür ki, nə qədər sərt mövqedə dayansa, ona daha çox maliyyə ayrılar. Görünür müəyyən xarici qüvvələrdə də belə bir yanaşma var".

Abutalıb Səmədovun sözlərinə görə, artıq 30 ilə yaxındır ki, müxalifətin hakimiyyətə qarşı mövqeyi çox sərtdir: " Müxalifət yalnız kimsə hakimiyyətdən gedəndən sonra onunla dost olmağa başlayır. Amma həmin şəxs nə qədər hakimiyyətdədirsə, onunla düşmənçilik edir, sərt mövqe irəli sürürlər. Bu baxımdan nə qədər istəsək, cəhd etsək də müxalifətin iqtidarla birləşib hər hansı propblemə qarşı birgə mübarizə aparması mümkünsüzdür".