Qazaxa giriş-çıxış məhdudlaşdırılıb - RƏSMİ

28 Mart 2020 12:17 (UTC+04:00)

Qazaxda xüsusi karantin rejimi ilə əlaqədar rayona giriş-çıxış məhdudlaşdırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan SİA-ya verilən məlumata görə, Qazax rayon Polis Şöbəsinin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi ilə əlaqədar olaraq bir sıra tədbirlər həyata keçirir. Mart ayının 27-si səhər saatlarından etibarən xüsusi rejimin tələblərinə uyğun olaraq rayona giriş-çıxış məhdudlaşdırıb.

Bundan başqa, RPŞ-nin əməkdaşları rayonun küçə və prospektlərində, binaların qarşısında xidməti avtomobillərdən əhaliyə səslənərək mümkün qədər evdə qalmağı, özlərinin və yaxınlarının sağlamlıqlarını təhlükəyə atmamağa çağırıblar. Yaşı 65-dən yuxarı olan şəxslərlə də profilaktik söhbətlər aparıb. Polis əməkdaşları onlara xüsusi karantin rejiminin tələblərini xatırladaraq bu tələblərin vətəndaşların sağlamlığının qorunması və virusun törədə biləcəyi digər fəsadların qarşısının alınması məqsədi ilə tətbiq edildiyini bildirib.