Xəbər verildiyi ki, ATƏT-in Minsk qrupu həmsədrləri regiona növbəti səfərini reallaşdırıb. Ancaq Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi uzandıqca həmsədrlərin regiona səfərləri daha da formallaşır və daha az müzakirə edilir. Əksinə, Azərbaycanda qurumun vasitəçiliyindən imtina edilməsinin vacibliyi ilə bağlı fikirlər daha tez-tez səslənməyə başlayıb. Ekspertlər hesab edir ki, bu ATƏT-in Minsk qrupu prinsipiallıq nümayiş etdirmir.
ATƏT-in faktaraşdırıcı missiyanın da öz işini uğurla başa çatdırmadığını deyən politoloq Qabil Hüseynli SİA-ya açıqlamasında bildirib ki, İrəvanda hər şeyə başqa cür don geyindirirlər: "Azərbaycana gəldikdə isə münaqişənin həllinin vacibliyindən danışırlar. Həmsədrlərin yanında faktaraşdırıcı missiyanın hesabatının Azərbaycanda saxtalaşdırılması ilə bağlı fikirlər səsləndirilsə də onlar heç bir münasibət bildirmirlər. Azərbaycanın ərazi bütövlüyünün bərpasının necə həyata keçiriləcəyi barəsində qətiyyən başlarını sındırmaq istəmirlər. Münaqişə onsuzda uzanıb, Azərbaycana 30 milyard dollardan artıq ziyan vurub, işğal olunan ərazilərdəki maddi və mənəvi sərvətlər məhv edilib, bir az da dözmək lazımdır. Belə bir tendensiyanın da şahidi olmuşuq ki, Dağlıq Qarabağ münaqişəsi zaman keçdikcə dünya ictimaiyyətinə bütün konturları ilə məlum olur. Beynəlxalq ictimai rəy zaman keçdikcə Azərbaycan tərəfə əyilməyə başlayır".
"Azərbaycanın problemi başqa bir siyasi müstəviyə, məsələn BMT-yə daşıması da pis olmazdı" deyən politoloqun fikrincə, bu daha uğurlu bir variant ola bilər: "Bir məqamı nəzərə alaq ki, BMT qərarları konsensus əsasında qəbul etmir. BMT-nin Baş Məclisi dövlətlərin səs çoxluğuna üstünlük verir. BMT-də Azərbaycanın dostları çoxdur, burada istənilən qətnaməni keçirmək mümkündür. Azərbaycan Minsk qrupundan imtina etməklə qurumun problemə ədalətli yanaşmadığını göstərər, həm də problemin həllində israrlı olmadığını, güzəştə getməyəcəyini bir daha nümayiş etdirmiş olar. Fikrimcə, BMT Baş Məclisində problemin ədalətli həlli üçün səs çoxluğunu təmin etmək Azərbaycan üçün mürəkkəb bir məsələ ola bilməz".
Dağlıq Qarabağ probleminin həllində NATO və Avropa İttifaqının iştirak perspektivinə gəlincə, politoloq bunun o qədər effekt verməyəcəyini düşünür: "Avropa İttifaqı sülh və təhlükəsizlik məsələlərinə cavabdeh deyil. NATO isə hərbi-siyasi təşkilatdır və münaqişələrin həlli ilə bağlı siyasi qərarlar vermir. Hərbi blok verilmiş qərarların icrası ilə məşğul olur. Sülhyaratma missiyası ilə dünyada iki təşkilat, BMT və ATƏT məşğul olur. Sülh və təhlükəsizlik xüsusilə BMT-nin prioritet məsələləridir. Sonradan bu məsələyə ATƏT-i də qoşublar, qurum müvafiq missiyanı Avropada həyata keçirir. NATO və digər təşkilatlar yarıhərbi, ya da hərbi xarakterlidir və sülh missiyasını üzərinə götürməsi mümkünsüzdür".