Koronavirusun "yeni paytaxtı" - Nyu-York TƏHLİL

27 Mart 2020 16:14 (UTC+04:00)

Bu gün dünyada koronavirusa yoluxma hadisələrinin sayı yarım milyonu keçib. İndi yoluxmuşların sayına görə ilk yeri Çin və İtaliyanı qabaqlayan ABŞ tutur. Dünya üzərində hegemonluq, birincilik arzusunda olan Birləşmiş Ştatlar xəstəliyə yoluxma dinamikasına görə real olaraq artıq birincidir. Əslində, bütün dünya ölkələrinə demokratiya, azadlıq və saira olmaqla digər dəyərlər kimi sanitariya, epidemiya, vətəndaşın mühafizəsi dərsi keçməyə qalxan ABŞ özü yeni koronavirus qarşısında aciz qalıb. Əks halda qırnaqarası birinciliyi qazanmazdı.

ABŞ-da artıq 81 mindən çox yoluxma hadisəsi qeydə alınıb ki, bu heç də kiçik rəqəm deyil. Lakin ən çətin vəziyyət indi Nyu-Yorkdadır. Bu şəhərdə xəstəxanalar xəstələrlə doludur. Girişlərdə böyük növbələr yaranıb. Həkimlər belə bir axının öhdəsindən gələ bilmirlər. İndi bu şəhərdə nəinki həkim, tibb bacısı əlləri, hətta həkim geyimləri, kombinezonlar belə çatışmır. Halbuki, ağ ciyərlərdə bu virus tənəffüs sistemini tamamilə sıradan çıxardığına və tənəffüsü çətinləşdirdiyinə görə nəinki tibbi paltar, xəstəxanalara süni tənəffüs aparatları da vacib olaraq lazımdır. Belə məlum olur ki, tibbi geyim belə çatışmadığı halda belə aparatlardan danışmağa belə dəyməz.

Vəziyyət o qədər gərgindir ki, zibil çantaları qorunma olaraq istifadə olunur. Qurbanların çox olacağı təqdirdə, şəhərin mərkəzində müvəqqəti bir morq, meyitxana qurulması nəzərdə tutulur. Yəni, ABŞ boyda böyük bir ölkədə meyitlərin toplanması üçün bir yerin olmaması ağıla belə gələn deyil və deməli, bu özü də xəstəliyin nə qədər itgiyə səbəb olacağı proqnozunun necə olduğundan xəbər verir. Sanki, ABŞ hökumətin pandemiya qarşısında əllərini qaldırıb və təslim olub. Ən azından bu yekəlikdə dövlət vahimə içərisindədir. Əks halda, meyitlər üçün yer hazırlığı təşvişinə düşməzdi.

Birləşmiş Ştatların prezidentinin özünün də məsələyə, xəstəliyə çox ciddi yanaşdığını təkzib etmək olmaz. Etiraf edək ki, qeyri-adi, bəzən isə saymaz davranışları ilə nəinki öz həmkarlarından, hətta hər kəsdən seçilən Donald Tramp hələ ilk əvvəldən, yəni xəstəliyin yenicə baş qaldırdığı gündən bu virusa həssaslıqla yanaşıb. Təsadüfi deyil ki, son günlərdə ştatların prezidenti həmkarı Si Sinpinə koronavirusla bağlı köməyinə görə təşəkkür edib və bu xəstəliklə mübarizədə onun səylərini yüksək qiymətləndirib. Bu fakt özü-özlüyündə ABŞ prezidentinin xəstəliklə mübarizəyə önəm verdiyini və diqqətlə, həssaslıqla yanaşdığını təsdiq edir.

Məsələ burasındadır ki, president Trampdan tutmuş bütün rəsmilərə qədər hər kəs bu xəstəliyə, virusa bu qədər həssas yanaşırsa da ortada olan nəticələr tamam başqa vəziyyətdən xəbər verir. Əvvəlcə Çin, sonra İtaliya, İspaniya, Almaniya kimi Avropa ölkələri, indi də ABŞ xəstəliyin artım və yayılma dinamikasına görə liderlik edir. Bu gedişin özü hadisələrin əvvəlcədən proqnozlaşdırıla bilməyəcəyini təsdiqləyir. Amma etiraf etmək lazımdır ki, İtaliya kimi nə hansısa Avropa ölkəsi, nə də dəfələrlə qeyd etdiyimiz hegemonluq iddiasında olan ABŞ xəstəliyin, virusun bu qədər güclü olacağını ya nəzərə almayıblar, ya da özlərinə lazımsız yerə çox güvəniblər.

Belə çıxır ki, ölkənin qüdrətindən, gücündən, nüfuzundan, imkanlarından asılı olmayaraq hadisələrə, ələlxüsus pandemiya kimi qeydə alınan xəstəliyə son dərəcə həssas yanaşmaq lazım idi. Əksinə, istər dövlət, istərsə də hər bir kəs öz gücünə, imkanlarına güvənməməlidir. Lazımi tədbirlər görülməlidir, özü də zamanında. Xəstəliyə qarşı daim hazırlıqlı olmaq, profilaktikaya diqqət etmək, həkimlərin, mütəxəssislərin tövsiyyələrinə əməl etmək lazımdır. Heç şübhəsiz ki, təxirəsalınmaz tədbirlərə dırnaqarası yanaşmaq sonda acı nəticələr vəd edir və nəinki biz, elə bütün dünya ictimaiyyəti artıq bunun əyani şahididir.
Daha bir qaynar ocaq hal-hazırda Yeni Orleandadır. Ötən bircə gün ərzində 1200 sayda yoluxma hadisəsi qeydə alınıb. Mayamidəki məşhur kurort indi tərk edilmiş halda görünür. Əlverişli hava şəraitinə baxmayaraq, otellərdə, çimərliklərdə və attraksionlarda heç kim yoxdur və ərazi tamamilə boşdur. Amerikanın hər yerində karantin tətbiq olunur.

Baxmayaraq ki, vəziyyət İtaliyada çətin olaraq qalır, İspaniya və Almaniya çox acınacaqlı durumdadır, amma ABŞ ərazisində yoluxma dinamikası daha yüksəkdir. Doğrudur, İtaliyada qurbanların dinamikası azalmır, italyan həkimlərə hər yerdən kömək üçün gələnlərin, görülən tədbirlərin ardı-arası kəsilmir, yenə də bu ölkədə acınacaqlı vəziyyət hökm sürür, amma Birləşmiş Ştatlar virusun yayılma sürətində də Avropanı üstələyir. Əbəs yerə deyil ki, artıq Nyu-York koronavirusun yeni "paytaxtı" hesab olunmağa başlayıb.

Hadisələrin gedişi heç də uzaq keçmişə təsadüf etmir və olanlar bütün dünya ictimaiyyətinin gözü qarşısında cərəyan edib. Virusun ilk dəfə Uhanda peyda olmasına, Çində sürətlə yayılmasına baxmayaraq indi Çində artıq yoluxma və ölüm halları munimuma enib, demək olar ki, yox dərəcəsindədir. Əvəzində Avropa çətin vəziyyətdədir, ABŞ-da yoluxma daha sürətli gedir. Halbuki, Çində epidemiya yayılmağa başlayanda nə Avropa ölkələri, nə də Amerika dövləti öz ərazilərində bu bəla ilə rastlaşacağını ağlından belə keçirmədi. Ağlından belə keçirmədi deyə qabaqlayıcı tədbirlər istiqamətində lazımi addımlar atmadı. Məhz elə bu səbəbdən də virus öz paytaxtını gah Avropada, gah da Amerikada müəyyən etdi. Bütün bunları nəzərə alaraq cəsarətlə demək olar ki, koronavirusun paytaxtı indi başqa şəhərlər, virusa, xəstəliyə, pandemiyaya sayqısız yanaşan ərazilər ola bilər. Bu baxımdan hər bir ölkənin, hər bir vətəndaşın üzərinə məsuliyyətli olmaq, karantin tədbirlərinə əməl etmək düşür.