“İnfrastruktur sahələrində restrukturizasiya və dövlətsizləşdirmə: Avropa təcrübəsi” mövzusunda seminar keçirilib

13 Aprel 2011 20:43 (UTC+04:00)

Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının idarə edilməsi, dövlət müəssisələrinin özəlləşdirilməsi, o cümlədən infrastruktur sahələrində dövlətsizləşdirmə tədbirlərinin genişləndirilməsi və səmərəliliyinin artırılması məqsədilə müvafiq beynəlxalq təcrübənin öyrənilməsi sahəsində ardıcıl tədbirlər həyata keçirir.


Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu istiqamətdə Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2007-ci il tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramına" uyğun olaraq dövlət əmlakının idarə edilməsi sahəsində təcrübə və informasiya mübadiləsi üzrə beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması çərçivəsində Komitə tərəfindən 14 aprel 2011-ci il tarixində Bakı şəhərində "İnfrastruktur sahələrində restrukturizasiya və dövlətsizləşdirmə: Avropa təcrübəsi" mövzusunda seminar təşkil edilib. Bu tədbir Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) dəstəyi ilə həyata keçirilib. Seminarda komitənin mərkəzi aparatının və Bakı şəhər ərazi şöbələrinin işçiləri iştirak ediblər.


Seminarda GTZ-in layihə rəhbəri Vulf Şmider Avropa ölkələrində və xüsusən də Almaniyada infrastruktur sahələrində restrukturizasiya və dövlətsizləşdirmə, eləcə də infrastruktur müəssisələrinin özəlləşdirməyə hazırlanması barədə məruzələrlə çıxış edib. Eyni zamanda bu sahədə tətbiq edilən özəlləşdirmə metodları və proseduraları barədə ətraflı məlumat verilib. Seminar zamanı müvafiq təcrübənin Azərbaycanda tətbiq edilməsi imkanları barədə geniş fikir mübadiləsi aparılıb.


Tədbirin sonunda seminar iştirakçılarına sertifikatlar təqdim olunub.