ƏSA Teatrı onlayn rejimə keçib

27 Mart 2020 10:21 (UTC+04:00)

Dünyada olduğu kimi Azərbaycanda da koronavirusla mübarizə tədbirlərinin gücləndirildiyi bir vaxtda tamaşaçılarının teatra olan marağını nəzərə alan ölkənin ilk inklüziv ƏSA Teatrı onlayn fəaliyyətə başlayaraq, #evdəbax kampaniyasına start verib. SİA-nın məlumatına görə, teatrın baş meneceri Nicat Qulamov bildirib ki, ƏSA Teatrı repertuarındakı bütün tamaşalarını onlayn nümayiş etdirəcək:

“Dövlətimizin və aidiyyəti qurumların insanlara evdən çıxmamaları barəsindəki tövsiyələrinə dəstək məqsədilə ölkənin ilk inklüziv teatrı olaraq ƏSA Teatrı qərara alıb ki, insanların öz evlərində daha çox vaxt keçirdiyi bir zamanda tamaşalarımıza baxmalarına şərait yaradaraq, asudə vaxtlarının səmərəli keçməsində iştirak etsin. Buna görə də #evdəbax kampaniyasına başlayaraq, aprel ayının sonunadək “Facebook” sosial şəbəkəsinin canlı yayımı vasitəsilə ƏSA Teatrının səhifəsində repertuarımıza daxil olan “Adamlar və siçanlar”, “Paris partladı”, “Göy quş”, “Nəsimi: Sirri-ənəlhəq” və “And” tamaşalarını nümayiş etdirəcəyik.

İnanırıq ki, insanların kütləvi istifadə etdikləri “Facebook” sosial şəbəkəsində ƏSA Teatrının rəsmi səhifəsinə daxil olmaqla, inklüziv teatrın anşlaqla qarşılanan tamaşalarına baxmaq hamı üçün maraqlı olacaq. Evdə qalaraq özünüzü və ətrafınızı qoruya bilər, həmçinin boş vaxtlarınızı səmərəli şəkildə istifadə edə bilərsiniz”.

Baş menecerin bildirdiyinə görə, tamaşaların nümayişi canlı yayım vasitəsilə olunduğundan, əvvəlcədən təyin olunmuş saatda baş tutacaq. ƏSA Teatrı digər teatrları və kütləvi tamaşaçı auditoriyası olan bütün sənət nümunələrini nümayiş etdirən yaradıcı şəxsləri də bu təşəbbüsə qoşulmağa dəvət edib. Bununla bağlı ƏSA Teatrı tərəfindən #evdəbax həştəqi yaradılıb.