"10 mindən çox tənha yaşayan vətəndaşlara evlərində gündəlik sosial xidmətlər göstərilir" - Sahil Babayev

27 Mart 2020 01:34 (UTC+04:00)

Prezident İlham Əliyevin göstərişinə əsasən yaşı 65-dən yuxarı olan və tənha yaşayan vətəndaşlara evlərində gündəlik sosial xidmətlər göstərilir. Hazırda qeydiyyata alınaraq sosial xidmətlər göstərilən ahıl şəxslərin sayı 10 mindən çoxdur. Onlardan 1600-ü Bakı şəhərində, 8500-ü ölkəmizin digər regionlarında məskunlaşan, tənha yaşayan ahıl şəxslərdir.

SİA xəbər verir ki, bunu Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bu istiqamətdə görülən işlərə 1400 sosial xidmətçi cəlb olunub. Ahılların sayına uyğun olaraq sosial xidmətçilərin 200-ü Bakıda, 1200-ü regionlarda sosial xidmətlər göstərir.