Dünya koronavirusa qədər nələr gördü... FOTO - ARAŞDIRMA

26 Mart 2020 18:43 (UTC+04:00)

Dünya tarixi yeni növ koronavirusa qədər bir çox qlobal risklərlə qarşılaşmış, çox böyük fəlakətlərin öhdəsindən gəlməyə müvəffəq olmuşdur. COVID-19 virusundan qorunduğumuz və ya qorunmağa çalışdığımız kimi tarix boyu da insanlar müxtəlif yollarla, bəzən çətin olsa da qarşılaşdıqları problem və risklərdən özlərini qorumağa çalışmışlar. Bugünkü kimi keçmişdə də müxtəlif ölçüdə və müxtəlif mexanizmlərə malik qoruyucu maskalardan istifadə olunurdu. Lakin texniki cəhətdən elm hələ öz inkişafının pik səviyyəsində olmadığından insanlar özlərini qorumaq üçün belə çətinlik çəkirdilər. Lakin problemlə üzləşmək və onun həllinə çalışmaq qaçınılmaz idi.

Keçmişdə qoruyucu maskaların bir çoxu müharibə zonalarında və ya yayılan xəstəliklərdən, epidemiyalardan müdafiə olunmaq məqsədilə istifadə olunurdu. SİA sizə tarixin müxtəlif səhifələrindən olan, insanların qarşılaşdığı epidemiya və müharibə təhlükəsi qarşısında istifadə etdiyi qoruyucu maskaları əks etdirilən fotoları və onların hekayələrini təqdim edir:

Bu foto 1957-ci ildə lent alınıb. Foto Henri Brueqman tərəfindən Almaniyanın Hamburq şəhərində çəkilib. Belə ki, fotodakı şəxs özünü radioaktif şüalanmadan qorumaq məqsədi ilə bu qoruyucu maskanı daşıyır.

Bu fotonun kim tərəfindən lentə alındığı təqiq olmasa da onun 1940-cı ildə İngiltərədə çəkildiyi qeyd olunur. Belə ki, İngiltərənin London şəhərində zəhərli qaz hücumundan qorunmaq üçün şəkildə gördüyünüz ata qaz əleyhinə qoruyucu maska geyindirilib.

Bu foto Fransa Xəbər Agentliyi tərəfindən 1948-ci ildə lentə alınıb. Belə ki, atom hücumuna məruz qalan Yaponiyanın Xirosima şəhərindəki radioaktiv şüalanmaya qarşı qorunmağa çalışan uşaqlar maska taxırlar.

Şəkildə gördüyünüz qaz maskası 2 yaşından kiçik uşaqlar üçün nəzərdə tutulub. Bu qaz maskası ilk dəfə 13 mart 1939-cu ildə İngiltərənin London şəhərində nümayiş olunub.

Bu qaz əleyhinə olan qoruyucu maska ingiltərəli kimyagər Vernon Bovers tərəfindən hazırlanıb. Qoruyucu maska bəsit qaydada əldə hazırlanıb. Foto 1942-ci ildə çəkilib.

Amerika Birləşmiş Ştatlarının Detroit Universitetində çəkilən bu fotoda gördüyünüz tələbə qızlar yeni növ qaz əleyninə qoruyucu maskaları testdən keçirdirlər. Foto 1942-ci ildə çəkilib.

Müharibə dövrü ilə əlaqədar hava hücumundan qorunmaları üçün uşaqlara qaz əleyninə maskaları geyindirirdilər. Belə ki, foto 1938-ci ildə İngiltərənin Hakney şəhərində çəkilib.

Gördüyünüz fotodakı qadınlar qaz eleyhinə maska geyinib. Filippinli qadınlar paytaxt Manilada yerləşən sığınacağa gedərkən bu qoruyucu maskalardan istifadə ediblər. Foto 1941-ci ildə çəkilib.

Bu foto isə Çinin paytaxtı Pekində çəkilib. Foto 1954-cü ildə fotoqraf Fransis Lara tərəfindən lentə alınıb.

Foto 1965-ci ildə çəkilib. Şəkildə gördüyünüz şəxslər "Beatles" musiqi qrupunun nümayəndələridir. Onlar smoqdan qorunmaq üçün qoruyucu maskadan istifadə edirlər. Foto 1965-ci ildə Mançesterdə çəkilib.

Tibb bacılarının xəstəxanada geyindiyi qoruyucu maskaları əks etdirən foto 1943-cü ildə İngiltərədə çəkilib. Foto Con Rider-Rider tərəfindən çəkilib.

Şəkildə gördüyünüz ingilis polis özünü kükürdlü smoqdan qorumaq məqsədilə üz maskası taxır. Foto 1962-ci ildə İngiltərədə çəkilib.

Kanadada kimyəvi maddələr daşıyan qatarlar qəzaya uğradığı üçün 200 min nəfər bu səbəbdən dolayı təxliyə edilir. Foto həmin hadisəni əks etdirir. Şəkildəki şəxs qaz eleyhinə qoruyucu maskadan istifadə edir. Foto 1979-cu ildə Kanadanın Mississauqa şəhərində Con Skripnik tərəfindən çəkilib.

Foto İngiltərənin London şəhərində çəkilib. Ofisda çalışan bu qız həmin dövrdə yayılan qrip epidemiyasından qorunmaq üçün maskadan istifadə edir. Foto Laurens Harris tərəfindən 1970-ci ildə çəkilib.

Amerika Birləşmiş Ştatlarında Helens Yanardağı partladığı üçün ətrafda olan şəxslər qaz əleyhinə qoruyucu maskadan istifadə etməyə məcbur qalırlar. Foto Ralf Viggers tərəfindən 1980-ci ildə lentə alınıb.

Bu foto Amerika Birləşmiş Ştatlarında Dünya Günü münasibətilə təqdim edilən nümayişdə çəkilib. Fotodakı tələbə qaz əleyhinə qoruyucu maska geyinmiş halda çiçəyin qoxusunu almağa çalışır. Foto 1970-ci ildə lentə alınıb.

Bu gün pandemiya elan edilən koronavirus infeksiyası səbəbindən dünya mütəxəssisləri insanlara qoruyucu maskalardan istifadə etməyi, gigiyenik qaydalara riayət etməyi və evdə qalmağı məsləhət görürlər. Bu gün virusdan qorunmaq üçün bizdən elə də çox şey tələb olunmur. Virusdan qorunmaq fotoda gördüyümüz insanların istifadə etdiyi üsüllar qədər də çətin deyil.

Dünya bu günə qədər daha böyük təhlükələrlə üz-üzə gəlib. Buna da qalib gəlmək bizlərin öhdəsinə düşür.