İnsanlığın xilası üçün itirilmiş illər TƏHLİL

26 Mart 2020 16:45 (UTC+04:00)

Pandemiya barədə 7 il əvvəlki proqnoza inanılmayıb

Elm adamları 7 il bundan əvvəl hazırki pandemiyanı proqnozlaşdırıblar, amma onlara inanılmayıb. Ya da bu proqnoza zərrə qədər də məhəl qoyulmayıb. Bu proqnozlar hətta hesabat xarakterində olsa da o vaxtki səlahiyyətliləri zərrə qədər də maraqlandırmayıb. Əksinə, hesabat yığışdırılıb, tamamilə ortadan götürülüb ki, kiminsə sanki diqqətini belə cəlb edib onu məşğul da etməsin.
Çində epidemiyanın başlandığı zaman və yoluxan ilk adam təyin edilib. Koronavirusun yeni bir növünün yoluxduğu adam Uhandakı eyni dəniz məhsulları bazarında satıcı olub. İndi həkimlər həmin adamın başqa birindən, yoxsa, hansısa dəniz məhsullarından bu xəstəliyə yoluxduğunu təyin etməyə çalışırlar. Çalışırlar, baş sındırırlar, maraqlanırlar deyə dəqiq fikir bildirmək çətindir, amma hər halda gec də olsa nəyə isə nail olmağa, məsələyə məsuliyyətlə yanaşmağa çalışırlar.
Maraqlıdı odur ki, alman alimləri bu xəstəliyi yeddi il əvvəl proqnozlaşdırmışdılar. Lakin hesabatı sifariş edən Avropa rəsmiləri o zaman həmin alimləri dinləmirdilər və indi də onun haqqında heç xatırlamırlar da. Yalnız elmi uzaqğörənlik adlandırıla bilən hesabat 2013-cü ilə aiddir və xatırladaq ki, 88 səhifədən ibarət hesabatda mütəxəssislər milyonlarla insanın yoluxacağı, minlərlə ölüm faktının olacağı, hətta simptomlar barədə həyəcan təbili çalıb. Virusun Avropaya Asiya ölkəsindən gətiriləcəyi də hətta təxmin edilib. Ssenari hətta hazırki, eyni ilə indiki real xüsusiyyətləri, yeni bir patogenin qeyri-adi "hipotetik" bir epidemiyasını da təsvir edib.
Hazırlanan hesabatda indi heç kim üçün sirr olmayan bir sıra məlumatlar da yer alır və tamamilə həqiqəti əks etdirir. Virusun yoluxma formasından tutmuş, yaratdığı xəstəliyin simptomlarına qədər bütün məlumatlara hesabatda rast gəlinir. Hətta virusun insan orqanizmində inkubasiya dövrü də tam dəqiqliyi ilə qeyd oluinur.
"Virusun insanlara keçdiyi vaxtdan ən azı üç gündən beş günə qədər müddətdə ilk simptomları ortaya çıxa bilir. Lakin digərlərinə yoluxdurma iki gün ilə 14 gün arasında da baş verə bilər" deyə məlumatda bildirilir. Qeyd edilir ki, əksər xəstələrdə nəfəs darlığı yaranır, ağciyərlərdə dəyişiklik rentgen şüaları ilə görünür. Həmçinin vurğulanır ki, uşaqlar və yeniyetmələr, bir qayda olaraq, xəstəliyi asanlıqla yaşayırlar, lakin 65 yaşdan artıq insanlar üçün ölüm halları 50%-dən yuxarı təşkil edir.
Bir sözlə, yeddi il əvvəl alman alimləri indiki koronavirusu və onun gətirəcəyi problemləri sensasion olaraq proqnozlaşdırmışdılar. Lakin səlahiyyətlilər zamanında fəaliyyətsizlik nümayiş etdiriblər. Qabaqlayıcı tədbirlər görülməyib. Ən azından buna hazırlıq, yaxud virus əleyhinə vaksin haqqında düşünülməyib. Təhlükənin acı nəticələr verəcəyinə məhəl də qoyulmayıb.
Unutmaq lazım deyil ki, bütün dünya alimləri virus əleyhinə aylardır tədqiqatlar aparır, vaksin axtarır, dərman preparatları üzərində axtarışdadırlar. Məqsəd isə insanlığı xilas etmək, xəstəlikdən bütün insanları qorumaqdır. Sözsüz ki, bu tədqiqatlar, bu axtarışlar istər-istəməz vaxt aparır, hansıki, də bu vaxt intervalında minlərlə insan həyatını itirir. Deməli, zamanında görülməyən tədbirlərin nə böyüklükdə səhv olduğu öz təsdiqini tapır.
Məhz 2013-cü ildə hazırlanan hesabata məhəl qoyulmamaqla dünya hazırki duruma düşüb. Cəsarətlə demək olar ki, qeyd olunan vaxtdan bu zamanadək olan müddəti insanlığın xilası üçün itirilmiş illər adlandırmaq olar. İndi artıq Bundestaqda da bu müzakirəyə çevrilib və haqlı olaraq heyrətlə qarşılanıb.
"Sənəddə minlərlə insanın ölümü belə proqnozlaşdırılıb. Niyə əvvəlcədən tədbirlər görülməyib?", deyə Bundestaqın üzvü Alexander Qauland heyrətləndiyini gizlətməyib.
Saymazlığa, məsuliyyətsizliyə hec bir şəkildə haqq qazandırmaq mümkün deyil. Elə məhz bu cür yanaşma səbəbindən Avropa Birliyi boyunca havalandırma cihazları, xəstəxanalarda elementar çarpayılar, tibbi maskalar çatışmır. Bütün bunlarla yanaşı, supermarketlərdə həddən artıq tələbat ortaya çıxıb. Qoca qitədə belə insanlar qida təhlükəsizlikləri barədə panikaya düşüblər. Həddindən artıq, yəni qida ehtiyaclarından dəfələrlə artıq məhsulları insanlar daşıyıb aparır ki, bu da öz növbəsində qıtlıq, yaxud, ən azından məhsul azlığı üçün əsas ola bilər.
Digər tərəfdən məsuliyyətsizliyin əsassız, gözlənilməz ölüm hallarına səbəb olduğu isə daha böyük mühakimə, daha böyük ittihamdır. Böyük olsa da belə bu mühakimədə və ittihamda hər kəs haqlıdır. Çünki, koronavirusla bağlı 7 il bundan qabaq hazırlanan hesabatda qeyd olunmaqla yanaşı ötən ilin sonunda Çində baş verənlər özü də təhlükəsizlik qaydalarına riayət, məsuliyyət tədbirləri, qabaqlayıcı tədbirlər tələb etdiyi halda bu dəfə də məsələyə məsuliyyətlə yanaşılmadı. Elə indi
nəinki Avropanı, bütövlükdə dünyanı da daha çox narahat edən məhz budur.
"Doğrusunu desək, Çində olan virus və onunla əlaqəli partlayış, ortaya çıxan xəstəlik statistikası heç kim üçün sirr deyildi. Ona görə də virusun bölgəyə daxil olmamasını düşünməyə hər kəs borclu idi. Çünki, Çində olan və hamıya bəlli olan problemli vəziyyət potensial risk hesab edilirdi. Buna məhəl qoyulmadığı təqdirdə nə ilə nəticələndiyinin yanvar ayının sonunda hamı şahidi oldu", deyə Reanimasiya və Təcili Tibbi Yardım Assosiasiyasının prezidenti Uve Yanssens bildirib və hiddətiini də gizlətməyib.
İnsanlar özləri haqqında qayğı göstərməyin daha yaxşı yollarını bilmirlərsə, nə deyə bilərik, deyən Emanuel Macron, yararsız adlandığı maskanı indi taxmaq məcburiyyətində qalıb, ya da bunu məsuliyyət tədbiri hesab edir. İtaliyanın baş naziri sağ qalmağa çalışır və ictimaiyyətlə yalnız TV ekranı ilə əlaqə qurur. Koronavirusa yoluxmuş bir həkimlə təmasda olan Alman kansleri özü həkimlərin nəzarəti altında idi. Baxmayaraq ki, kanslerin virus üçün ikinci testi də mənfi nəticə verdi, ancaq evdə oturmaqda davam edir. Yeddi il öncə məhəl qoyulmamış hesabata görə indi sanki ev dustağına bir növ çevrilib.
"İcazə verin, bu gün burada olmaq istəyən kansler Merkelin bir təbrikini sizə çatdırım. Bildiyiniz kimi, o özü bunu edə bilmir. Ancaq düşünürəm ki, sizin adınızdan onun ev ofisinə bir salamlama çatdıra bilərəm", deyə Almaniyanın maliyyə naziri Olaf Şols bildirib. Bu isə əslində o deməkdir ki, 7 il bundan öncə məhəl qoyulmayan xəstəliyə hamı yetərincə məhəl qoyur və məsuliyyətini də gözəl hiss edir. Əfsus ki, buna zamanında məhəl qoyulmamışdı. Əgər bu virusa, onun törətdiyi xəstəliyə zamanında məhəl qoyulsa idi, həyəcan siqnalına məsuliyyətlə yanaşılsaydı, insanlıq, bütün dünya hazırki itkilərə məruz qalmaz, qorxu və təhlükə ilə üz-üzə dayanmazdı. Amma necə deyərlər, ziyanın yarısından qayıtmaq da xeyirdir və heç olmasa insanlar, özü də dünyanın harasında olmasından asılı olmayaraq hər kəs indi bu virusa və onun törətdiyi xəstəliyə məsuliyyətlə yanaşmalı, təkcə özünü deyil, özü ilə yanaşı bütün ətrafını düşünməli, qorumalı və buna görə məsuliyyət daşımalıdır. Əks halda daha böyük itkilər və daha dərin bəlalara yol açıla bilər, eyni ilə 7 il bundan öncə olduğu kimi…