Sumqayıt sakinlərindən narkotik götürüldü

26 Mart 2020 10:50 (UTC+04:00)

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan SİA-ya verilən məlumata görə, RPŞ-nin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən Balakən şəhəri ərazisində hərəkətdə olan "Opel" markalı avtomobil saxlanılan zaman sürücü və sərnişinlərdə narkotik vasitə saxlamaqda şübhəli hərəkətlər hiss edildiyindən həmin nəqliyyat vasitəsi və şəxslər Polis Şöbəsinə gətiriliblər. Həmin şəxslərin Sumqayıt şəhər sakinləri 36 yaşlı Fuad Quliyev, 34 yaşlı Şahin Səfərov və 45 yaşlı Zaur Əlizadə olduqları müəyyən olunub.

Şəxsi axtarış zamanı F.Quliyevdən sellofan torbada 230 qrama yaxın narkotik vasitə qurudulmuş marixuana, Z.Əlizadədən siqaret qutusunda psixotrop maddə-metamfetamin aşkar edilərək maddi sübut kimi götürülüb. Ş.Səfərova məxsus "Opel" markalı avtomobilə baxış keçirilən zaman oradan da metamfetamin və qurudulmuş marixuana aşkar olunub.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.