İranın xarici banklarda dondurulmuş aktivlərinin bir hissəsi ölkəyə qaytarılacaq

26 Mart 2020 03:01 (UTC+04:00)

ABŞ-ın sanksiyaları nəticəsində İranın xarici banklarda dondurulmuş aktivlərinin bir hissəsi ölkəyə qaytarılacaq.

SİA xəbər verir ki, bunu İranın Mərkəzi Bankının sədri Əbdülnəsir Himməti bildirib.

O, rəqəm göstərməsə də, Xarici İşlər Nazirliyinin köməyi ilə Mərkəzi Bankın ABŞ banklarında saxlanılan pulların bir qismini ölkəyə gətirəcəyini bildirib. Bu pullar koronavirusla mübarizəyə sərf ediləcək.

Bir qrup ABŞ senatoru isə İrana qarşı tətbiq olunan iqtisadi sanksiyaların aradan qaldırılması üçün çağırış ediblər. Senatorlardan Ed Markey, Elizabet Uorren, Berni Sanders, İhan Ömər və başqaları sosial şəbəkələr vasitəsilə Ağ Ev administrasiyasına müraciət edərək koronavirusa qarşı mübarizəni daha səmərəli etmək üçün İrana qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılmasını istəyiblər.

Avropa İttifaqının (Aİ) Xarici siyasət məsələləri üzrə komissari Cozef Borelli bəyan edib ki, Aİ İranın Dünya Bankından 5 milyard dollar istəməsini dəstəkləyir və kreditin verilməsi üçün Banka müraciət edəcək. Onun sözlərinə görə, virusla mübarizə aparması üçün İrana yardım etmək lazımdır.

Qeyd edək ki, İran Sərhədsiz Həkimlər Təşkilatının yardımından imtina edib. Yardımın geri qaytarılmasının səbəbi açıqlanmır.