Koronavirus səthlərdə ən azı 17 gün qala bilər

25 Mart 2020 21:47 (UTC+04:00)

Koronavirus səthlərdə 17 gün qala bilər.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin hesabatında bildirilir.

Mütəxəssislər üç kruiz gəmisindəki COVID-19-a yoluxma hallarını araşdırıblar. Bildirilir ki, gəmilər müxtəlif ölkələrdən olan səyahətçilərin yerləşdikləri məhdud ərazi olması səbəbindən yoluxucu xəstəliklərin yayılması üçün münbit şərait yaradılır.

Fevral ayında 700-dən çox insanın koronavirusa yoluxduğu “Diamond Princess” kruiz gəmisini araşdırdıqdan sonra elm adamları COVID-19 virusunun iki həftədən çox yaşaya biləcəyi qənaətinə gəliblər. Qeyd edilir ki, sərnişinlər bütün kayutları tərk etdikdən 17 gün sonra da burada SARS-CoV-2 aşkar olunub.