Baş Prokurorluq yayılan məlumatları təkzib edir

25 Mart 2020 20:43 (UTC+04:00)

Bəzi kütləvi informasiya vasitələrində paytaxtın Binəqədi rayonu ərazisində avtomobillərdən oğurluq edən şəxslərin guya cinayət məsuliyyətindən azad olunmalarına dair provokasiya xarakterli məlumatlar yayılıb.

SİA Baş Prokurorluğun mətbuat xidmətinə istinadən bildirir ki, ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən tərəfimizdən qəti şəkildə təkzib olunur.

Belə ki, fevralın 22-də İbrahim Məmmədov tanışı Abdul Musazadə və istintaqa “Fuad” adı ilə məlum olan şəxslə qabaqcadan əlbir olaraq Binəqədi rayonu ərazisində bir neçə maşının şüşələrini sındıraraq müxtəlif əşyalar oğurlayıblar.

Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən İ.Məmmədov fevralın 24-də Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və üzərində qanunsuz əldə edib saxlamaqla daşıdığı narkotik vasitə aşkarlanaraq götürülüb.

Fevralın 25-də İ.Məmmədovun barəsində Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci (oğurluq) və 234.1-ci (narkotik vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlanıb və o, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Martın 17-də müdafiə tərəfinin vəsatəti əsasında rayon məhkəməsi tərəfindən İ.Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.

Məhkəmənin həmin qərarından rayon prokuroru tərəfindən protest verilib.

Cinayətin digər iştirakçısı A.Musazadə Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə digər təqsirli şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilərək istintaqa cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.