Bakının metro stansiyaları istiqamətində xüsusi ekspress marşrut xətləri yaratmışıq. Həmin marşrutlar bütün dayanacaqlarda dayanmır, ancaq metro stansiyalarının yaxınlığında saxlayırlar.
SİA xəbər verir ki, bunu Azərbaycan Televiziyasının (AzTV) "Hədəf" verilişində Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli metroda əhali sıxlığının qarşısının alınması məqsədilə görülən tədbirlərdən danışarkən deyib.
O, bildirib ki, marşrut xətlərinin avtobus təminatında heç bir problem yoxdur: "İctimai nəqliyyatı sağlam saxlamalıyıq. Ekspress marşrutlardan zəruri ehtiyacı olan vətəndaşlar istifadə etsin, parka gəzməyə gedən vətəndaş yox. Hökumətin, dövlətin atdığı addımlar bəllidir. Bakı Nəqliyyat Agentliyi beynəlxalq təcrübəyə uyğun addımlar atır. Koronavirus çox yayılan şəhərlərin təcrübəsini analiz edirik, qlobal təcrübəni yerli mentalitetlə uyğunlaşdırırıq, ictimai nəqliyyatın fəaliyyətini tənzimləyirik. Vətəndaşlarımıza bir daha çağırış edirəm ki, zərurət olmadığı halda ictimai nəqliyyatdan istifadə etməsinlər, küçələrdə gəzməsinlər".