Dünya və Azərbaycan koronavirusla necə mübarizə aparır? TƏHLİL - ARAŞDIRMA

25 Mart 2020 18:09 (UTC+04:00)

Yeni növ koronavirus (COVID 19) ilk dəfə Çinin Uhan əyalətində qeydə alındı və sürətlə bütün Çin ərazisinə yayıldı. Bununla da kifayətlənmədi Çinin ətrafından başlayaraq digər ölkələrdə də yayılmağa başladı. Beləliklə, koronavirus dünya ölkələrinin ümumi mübarizə obyekinə çevrildi. Azərbaycan uzun müddət bu tablonun kənarında qalmağı bacardı. Lakin, virus gündəmi işğal etməkdən kənarda qalmadı. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan etdi. Bununla da koronavirus infeksiyası kütləvi şəkildə dünya insanlarının yoluxduğu, beynəlxalq sərhədləri aşan bir epidemiyaya çevrildi.

Bəs, dünya ölkələri ilə müqayisədə Azərbaycan koronavirusla necə mübarizə aparır?

FAKT: 25 mart, 2020-ci il göstəriciləri

Azərbaycanda virusa ümumi yoluxma halı - 87

Virusa yoluxan uşaqların sayı - 3

Virusdan sağalan insanların sayı -10

Yeni yoluxma faktları - 15

Laborator müayinələrin sayı - 10 000+

Ölüm halı - 1

Hazırda aktiv koronavirus xəstəsinin sayı - 76

Vəziyyəti orta ağır olanların sayı - 6

İlk dəfə Azərbaycanda koronavirusa yoluxma faktı 28 fevral tarixində qeydə alındı. Bu Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən təsdiq edildi. Xəstələnən şəxs Rusiya Federasiyasının vətəndaşı idi və İran İslam Respublikasından Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunmuşdu.

Bəs, Azərbaycan virus təhlükəsinin ətrafını bürüməyə başladığı andan etibarən hansı addımları atdı?

Əvvəlcə, ölkəyə xaricdən gələn və karantinə alınan vətəndaşlar, həmçinin koronavirusla bağlı bir çox məlumat Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi tərəfindən verilirdi. Lakin, daha sonra sosial şəbəkələr və bir sıra media orqanları tərəfindən verilən yoxlanılmamış informasiyalar yalnız koronavirusla bağlı məlumatları yayan, sistemləşdirilmiş bir strukturun fəaliyyətə başlamasına təlabat yaratdı. Bu məqsədlə 27 fevral 2020-ci il tarixində Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı.

Təhlükənin ölkəmizə yaxınlaşdığı İranda virusun peyda olması ilə özünü biruzə verməyə başladı. Belə ki, sərhəd ölkə İranda koronavirusa yoluxma hallarının artması ilə bağlı 27 fevralda Azərbaycan-İran sərhədində səyyar hospitallar yaradıldı. Lakin, İranda fəlakətin miqyasının genişlənməsi dərhal qonşu dövlətlə sərhədlərin 29 fevral tarixində bağlanmasına səbəb oldu. Azərbaycan vədandaşları İrandan xüsusi dəhliz vasitəsilə ölkəyə geri qaytarıldı.

Bütün bu qaynar proseslər fonunda Kütləvi İnformasiya Vasitələri də diqqətdən kənar qalmadı. 5 mart tarixli qərara əsasən KİV nümayəndələrinə ümumilikdə maarifləndirici və Operativ Qərargaha istinad edilən məlumatları vermək tövsiyyə olundu. Bununla yanaşı yoxlanılmamış, cəmiyyətdə süni ajiotaj və panika yarata biləcək informasiyaları mediadan uzaq tutmaq tapşırıldı. Bununla da informasiya təhlükəsizliyi təmin olundu.

Eyni zamanda təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi 2 mart tarixli qərara əsasən dayandırıldı. Azərbaycan xalqı bayram əhval-ruhiyyəsi içərisində belə virusla mübarizəsini dayandırmadı. Təbii ki, əhalinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Respublikası ərazisində Novruz Şənlikləri və kütləvi tədbirlər ləğv edildi. Mart ayı ərzində virusla mübarizə gücləndirilmiş şəkildə davam etdirildi. Bir ay ərzində ölkənin hər tərəfində çox ciddi dezinfeksiya işləri aparılmağa başlandı. Azərbaycan ölkədən kənar da koronavirusla özünəməxsus mübarizə apardı. Koronavirusla mübarizəyə qlobal müstəvidə dəstək olmaq üçün Azərbaycan 6 mart tarixində Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar, 7 mart tarixində isə İrana 5 milyon dollar maddi vəsait ayırdı.

Təəssüf ki, 12 mart tarixində ölkədə koronavirusdan ilk ölüm halı qeydə alındı. Bu İrandan qayıdan 1969-cu il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı idi. 13 mart tarixində Azərbaycanda xüsusi rejim elan edildi. Bütün kütləvi tədbirlər təxirə salındı, kinoteatr, muzey və teatrların, əyləncə mərkəzləri və idman zallarının fəaliyyəti dayandırıldı. Toy məclislərinin keçirilməsi qadağan edildi. Kafe və restoranların, alış-veriş mərkəzlərinin fəaliyyətinə dair xüsusi iş rejimi və qaydalar müəyyənləşdirildi.

Bir çox ölkə ilə gediş-gəlişlər dayandırıldı. Gürcüstan və Rusiya ilə sərhədlər bağlandı. Hətta, çox keçmədi qardaş ölkə Türkiyə ilə quru və hava yolu ilə gediş-gəlişlərə məhdudiyyətlər qoyuldu. Ölkə daxili gediş-gəlişlərə də 17 mart tarixli qərara əsasən məhdudiyyət qoyuldu. Beləliklə, Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş məhdudlaşdırdı.

Prezident İlham Əliyev xüsusilə də ölkənin iqtisadi vəziyyətinin stabil tutulmasını diqqətdə saxladı. Sosial sahələrə diqqət daha da gücləndirildi. Ölkə Prezidenti bu ərəfədə Goranboy, Şəmkir, Qazax, Ağstafa, Tovuz rayonlarına səfər etdi. 19 mart tarixində koronavirusla mübarizəni əks etdirən, koronavirus pandemiyasının və bundan irəli gələrək enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra təsbirlər haqqında Sərəncam qəbul edildi. Sərəncama əsasən bu məqsədlə Nazirlər Kabinetinə 1 milyard manat ayrıldı. Pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün Azərbaycan Respublikası İqtisadiyyat nazirinə bununla bağlı İşçi Qrupunun yaradılması üçün tapşırıq verildi. Həmçinin, koronavirusla mübarizədə yaxından iştirak edən tibb işçilərinin əmək haqları 3-5 mislində artırıldı. Beləliklə də, sosial rifahın təmin edilməsi istiqamətində tədbirlər planı tam şəkildə əhatə edildi.

Virus krizi ilə əlaqədar bağlanan iş yerləri və fəaliyyəti məhdudlaşdırılan işçilərin çoxluğu fonunda sahibkarlara dəstək üçün Nazirlər Kabineti tərəfindən təkliflər hazırlanmağa başlandı. 19 mart tarixində Prezident İlham Əliyev tərəfindən imzalanan Sərəncama əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. İlkin olaraq Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Dəstək Fonduna 20 milyon manat vəsait ayrıldı. Bu gün Dəstək Fonduna həm sahibkarlar, həm sadə vətəndaşlar, həm dövlət strukturları, həm də millət vəkilləri tərəfindən ianələr edilir.

Azərbaycanda ilk dəfə koronavirus aşkarlanandan, yəni 27 fevral 2020-ci tarixindən bu günə qədər, yəni 25 mart tarixinə qədər inanılmaz şəkildə çecik və sistemli müdafiə tədbirləri həyata keçirildi. Azərbaycan hökuməti və vətəndaşları virusun ciddiyətini lazımı səviyyədə dəyərləndirdi. Bir ay ərzində bununla bağlı yerində və adekvat addımlar atıldı. Dünyanın inkişaf etmiş ölkələri ilə yanaşı və onlarla müqayisədə Azərbaycan bir ay ərzində əhəmiyyətli yol qət etdi. Koronavirusla mübarizədə hələ də əhəmiyyətli addımlar atılmağa davam edir. Ölkədə birlik və qətiyyətlik, mübarizə əzmi hər tərəfli şəkildə özünü göstərdi.

Bəs, dünya ölkəri koronavirusla necə mübarizə aparır?

Dünya ölkələri arasında virusa yanaşma müxtəlif cür özünü biruzə verdi. Bəzi ölkələr mühim tədbir həyata keçirərkən, bəziləri vəziyyətin əhəmiyyətlilik dərəcəsinə diqqət yetirmədi. Bəzi ölkələrdə vəziyyət cığırından çıxana qədər koronavirus təhlükəsi sakitcə öz fəaliyyətini genişləndirdi. Ümumdünya Səhiyyə Təşkilatı isə bu müddət ərzində virusla bağlı maarifləndirici bəyanatlar yaymağa davam etdi.

Bu virus ilk dəfə Çinin Uhan əyalətində 2019-cu ilin dekabr ayında ortaya çıxmışdı. Virusun yayılmasına səbəb olan obyekt haqqında müxtəlif fikirlər irəli sürüldü. Bu gün məlum olan virusun ağız və nəfəs yolları vasitəsilə insandan-insana yoluxduğu məlumdur. Dünyanın 196 ölkəsində aşkar edilib.

Yoluxma faktlarının sıxlığına görə ilk 30 ölkə

Ən çox yoluxma faktı Çində - 81218, İtaliyada - 69176, ABŞ-da - 54941, İspaniyada - 47610, Almaniya - 34009, İranda - 27017, Fransada - 22304, İsveçrədə - 10171, Şimali Koreyada - 9137, Böyük Britaniyada - 8077 aşkarlanıb. Ən çox ölüm faktı İtaliyada - 6820, İspaniyada - 3484, Çində - 3881, İranda - 2077, Fransada - 1100, ABŞ-da - 784, Böyük Britaniyada - 422 nəfər qeydə alınıb.

Dünya üzrə 434 595 nəfər virusa yoluxub. 19603 nəfər həyatını itirib. 111851 nəfər virusdan sağalıb.

Virusdan həyatını itirənlərin yaş həddinə görə faiz nisbəti

Hazırda 303139 nəfərin aktiv virus daşıyıcısı olduğu, 289916 nəfərin (yəni, yoluxanların 96 faizinin) vəziyyəti orta satibildir. 13223 nəfərin vəziyyəti isə ağır və kritik hesab olunur. Son sutka ərzində 12043 insan virusa yoluxub, 713 nəfər isə həyatını itirib.

Hazırda virusun yayılmaması üçün sadalanan ölkələrin hər birimdə fövqəladə hal elan edilib. Xüsusilə də, tibb işçiləri bu mübarizədə insanlardan evdə qalaraq onlara dəstək olmalarını xahiş edir.