"Daşkəsən rayonunda koronavirus infeksiyası ilə bağlı ciddi mübarizə aparılır" -VİDEO

25 Mart 2020 15:56 (UTC+04:00)

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev tərəfindən Koronavirus (COVİD - 19) infeksiyasının rayon ərazisində yarada biləcəyi təhlükənin, yoluxma hallarının qarşısının alınması məqsədilə, o cümlədən Azərbaycan Respublikasının Prezidenti Administarsiyasından verilən tapşırıqların icrasını operativ təmin etmək üçün İcra Hakimiyyətində qərargah yaradılmışdır. SİA-nın verdiyi məlumata görə, Nazirlər Kabineti yanında yaradılmış xüsusi Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq Daşkəsən Rayon İcra Hakimiyyətinin tabeliyində olan xüsusi texnikalar vasitəsi ilə Daşkəsən şəhərinin küçələri yuyulur və rayon ərazisində dezinfeksiya işləri mütəmadi olaraq aparılır.

İcra başçısı qeyd edib ki, dövlət başçısı cənab İlham Əliyevin dəstəyi nəticəsində bu gün Daşkəsən rayonunun kommunal strukturlarında texnika və maliyyə təminatı baxımından heç bir poblem yoxdur: "Bu proses şəhərin və kəndlərin bütün məhəllə və yollarını əhatə edir. Bundan əlavə, gün ərzində yaşayış binalarının həyətlərində, giriş bloklarında, pilləkənlərdə, meydançalarda və sakinlərin daha çox olduğu yerlərdə dezinfeksiya tədbirlər aparılır. Prezident İlham Əliyevin nəcib təşəbbüsü ilə yaradılmış ümumi həmrəyliyə xidmət edən Koronavirusla Mübarizəyə Dəstək Fonduna Daşkəsən Rayon İcra Hakimiyyətinin əməkdaşları da öz vəzifə maaşlarının 50 faizini ianə etməklə qoşulublar. Ümumilikdə 9 min 170 manat məbləğində vəsait artıq Fonda köçürülmüşdür. Rayon ərazisində koronavirus infeksiyası ilə bağlı aparılan tədbirlər davam etdirilərək tərəfimizdən ciddi nəzarətdə saxlanılır, əhalinin sağlamlığının qorunmasını başlıca məqsəd kimi qəbul edərək koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimi barədə tapşırıq və tövsiyələri Daşkəsəndə həyata keçirilir. Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış Qərargahda vaxtaşırı müşavirələr keçirilir, tapşırıqlar verilir. Allah cənab Prezidentimizi qorusun, cənab Prezidentimiz də xalqımızı və dövlətimizi qorusun. İlahi qüvvə həmişə köməyimizdə olsun."