Koronavirus epidemiyası dünyada yayılmaqda davam edir SON MƏLUMATLAR

25 Mart 2020 15:51 (UTC+04:00)

İlk dəfə Çinin Hubei əyalətinin Vuhan şəhərində qeydə alınan və qısa müddətdə demək olar ki bütün dünyaya yayılan yeni növ koronavirus infeksiyası bütün ölkələrdə can almağa davam edir. Son rəqəmlərə əsasən dünyada virusa görə ölənlərin sayı 19 minə yaxınlaşır, virusa yoluxanların sayı isə 400 mini ötüb. SİA hazırda dünyada koronavirusla bağlı vəziyyəti təqdim edir.

Son məlumatlara görə, İspaniyada koronavirusdan ölənlərin sayı 3434 nəfər çatıb.

Səudiyyə Ərəbistanında kral Salman bin Abdulaziz tərəfindən koronavirusun yayılması səbəbi ilə Məkkə, Mədinə və Riyadda komendant saatı elan edilməsi ilə bağlı əmr verilib.

İranda yeni növ koronavirusa yoluxanların sayı 25 mini ötüb, ölənlərin sayı isə 2077 nəfərə çatıb.

COVİD-19-a görə, İsraildə ölənlərin sayı 4-ə yüksəlib. İsrailin Səhiyyə Nazirliyi ölkədə 1930 nəfərin koronavirusa yoluxduğunu açıqlayıb.

Almaniyada da vəziyyət ürək açan deyil. Belə ki, bu ölkədə açıqlanan rəsmi məlumatlara əsasən koronavirusdan ölənlərin sayı 149, yoluxanların sayı isə 31 min 554 nəfərə yüksəlib.

Yeni Zelandiyanın Baş naziri Jacinda Ardern COVİD-19-a yoluxanların sayının 205-ə çatdığı üçün ölkədə fövqəladə vəziyyətin elan olunduğunu açıqlayıb. Baş nazir yazılı açıqlamasında, koronavirusa yayılma hallarının qarşısının alınması məqsədilə Yeni Zelandiyada gecə yarısından etibarən çölə çıxmağın qadağan edildiyini söyləyib.