Karantində saxlanılanlardan bəzilərində virusa yoluxma fakti qeydə alınıb RƏSMİ

25 Mart 2020 15:13 (UTC+04:00)

"Xüsusi rejimli karantin xəstəxanası ilk gündən bütün avadanlıqlarla təchiz olunmasına baxmayaraq, bu rejimli fəaliyyət üçün digər avadanlıqlarla da təmin olunub. Koronavirus infeksiyası ilə mübarizə ilə bağlı bütün lazımi dərman pereparatlarımız var". SİA-nın xəbərinə görə, bu barədə xüsusi rejimli karantin xəstəxanasının baş direktoru Emin Hüseyn məlumat verib.

Xəstəxanada təchizat, dioqnostik imkanlar, müalicə baxımından heç bir problemin olmadığını deyən baş direktor söyləyib ki, xəstəxanada müalicə alan şəxslər standart müddətdən daha artıq müşahidə altında olduğu üçün onların məişət problemlərinə də diqqətlə yanaşılır.

E. Hüseyn vurğulayıb ki, karantində saxlanılanlardan bəzilərində virusa yoluxma fakti qeydə alınıb: " Onlar xüsusi palatalarda yerləşdirilərək digər pesientlərdən tam şəkildə izolyasiya olunublar. Qeyd etmək istərdim ki, onların hazırda əhvalı çox yaxşıdır. Heç bir ağırlaşma halı müşahidə olunmur, müalicəyə tabe olan formadadırlar. Ehtiyac olan bütün dərman pereparatları ilə təmin olunurlar. Düşünürəm ki, qısa zamanda həmin pasientlər sağalaraq cəmiyyətə təhvil veriləcəklər".

O qeyd edib ki, xəstələrin müalicəsində antibiotiklərdən istifadə olunmur: "Bir çox insanlar bəzən antibiotiklərdən sui-istifadə edirlər. Xüsusən də virus yoluxması zamanı antibiotiklərdən istifadə edərkən çox ehtiyatlı olmaq lazımdır. Çünki onların özü immun sistemini aşağı salan vasitə hesab olunurlar. Belə olan halda xoşagəlməz halı yarana bilər. Ona görə də xəstələrin müalicəsində əsasən virus əleyhinə olan preparatlardan istifadə olunur. Hazırda əlimizdə olan preparatlar dünyanın ən məşhur əczaçılıq şirkətlərinin istehsal etdiyi dərmanlardır ki, onlar kifayət qədər effekt verir".