"Bu siyasət nəticəsində ola biləcək insan itkilərinin sayı minimuma endirildi" ÖZƏL-ŞƏRH

25 Mart 2020 14:54 (UTC+04:00)

"Dünən Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsi bir daha göstərmiş oldu ki, dövlətin koronavirusa qarşı gördüyü tədbirlər sistemli və düşünülmüş xarakter daşıyır. Bu gün koronavirusun geniş yayıldığı İtaliya, İran, İspaniya və digər Qərb ölkələrindən fərqli olaraq Azərbaycan dövləti vaxtında virus əleyhinə tədbirləri görməklə vətəndaşların kütləvi şəkildə virusa yoluxmasının qarşısını aldı. Doğrudan da, əgər o tədbirlər olmasaydı, biz təmamilə başqa mənzərənin şahidi ola bilərdik. Bu gün biz əminliklə deyə bilərik ki, Prezidentin apardığı çevik və sistemli siyasət nəticəsində ola biləcək insan itkilərinin sayı minimuma endirildi". Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.

Politoloqun sözlərinə görə, koronavirusla bağlı mövcud vəziyyəti nəzərə alan Prezident, həm də sahibkarlara müraciət etdi: "Düşünürəm ki, indi xüsusi qadağa davranışlarının tətbiq olunduğu bir vaxtda vətəndaşları ən çox düşündürən məsələlərdən biri də məhz iqtisadi məqamlarla bağlı idi. Bildiyiniz kimi, Nazirlər Kabinetinə bir milyard manat ayrılmasının əsas məqsədi sahibkarlığa dəstək verməkdir. Koronavirus infeksiyasının yayılması ilə əlaqədar ölkələr özlərini təcrid vəziyyətinə salırlar və iqtisadi əlaqələr pozulur. İqtisadi fəallığın zəifləməsi məşğulluğa mənfi təsir göstərə bilər. Prezidentin sözlərinə görə, sahibkarlar işçiləri ixtisar etməməlidirlər. Xəstəliklə bağlı ən həssas sahibkarlar qruplarına xüsusi maliyyə dəstəyi göstəriləcək, vergi güzəştləri ediləcək və digər imtiyazlar da veriləcək. Bir milyard manatın ayrılmasının əsas məqsədi ondan ibarətdir ki, xəstəlikdən və onun fəsadlarından əziyyət çəkmiş sahibkarlara dövlət öz maliyyə dəstəyini göstərsin. Vəsaitin ayrılmasına Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi nəzarət edəcək və vəsaitin xərclənməsi barədə ictimaiyyətə də məlumat veriləcək.

Prezident eyni zamanda koronavirusla bağlı həkimlərin işini yüksək qiymətləndirdi. O bildirdi ki, Azərbaycan həkimləri böyük qəhrəmanlıq göstərirlər, öz həyatlarını, sağlamlıqlarını risk altına atırlar, ancaq öz vəzifə borcunu şərəflə yerinə yetirirlər. Doğrudan da, indiki şəraitdə, ən öndə gedən sosial qruplardan biri də məhz həkimlərdi. Xəstələrə qulluq edən həkimlərin maddi vəziyyətinin yaxşılaşdırılması və onların əməyinə layiqli qiymətin verilməsi üçün əməkhaqlarının artırılması məsələsi həll olunub. Tibb işçilərilə bağlı bir müddət əvvəl dövlət başçısının məvaciblərin artırılması ilə bağlı verdiyi qərar Prezidentin hər bir sosial qrup kimi, həkimlərə də diqqətinin xüsusi göstəricisidir.

Xüsusi ilə qeyd edilməlidir ki, koronavirusa qarşı aparılan siyasətin xalq tərəfindən dəstəklənməsinin şahidiyik. Təsadüfi deyil ki, indi ölkədə ən populyar şüarlardan biri məhz "evdə qal" və "biz birlikdə güclüyük" şüarlarıdır. Vətəndaşlar məsuliyyətli olmalı, yeni qaydalara, xüsusi karantin rejiminə riayət etməlidirlər. Təbii ki, vətəndaşların məsuliyyəti, nizam-intizamı bu məsələ ilə bağlı mübarizəni daha məqsədyönlü və uğurlu edəcək. Hər bir şəxs yaxınlarına arxa olmalı, yaşlı nəslin nümayəndələrini, özünü, uşaqlarını qorumalıdır".