“Bizim bütün uğurlarımız birliyimizdən, həmrəyliyimizdən keçir” ÖZƏL-MÜNASİBƏT

25 Mart 2020 14:10 (UTC+04:00)

Bütün uğurların, bütün müvəffəqiyyətlətin, bütün qələbələrin bünövrəsi, əsası həmrəylikdir, birlikdir, səmimiyyətdir. Bu sözləri SİA-ya müsahibəsində millət vəkili Tahir Rzayev deyib.

Millət vəkili qeyd edib ki, hansı ölkənin, hansı xalqın vətəndaşları həmrəydirsə, bir-birlərini düzgün anlayırlarsa, bir-birlərinə qarşı səmimi münasibət göstərirlərsə, o xalqlar xoşbəxtdirlər, o dövlətlər qüdrətlidirlər.
"Azərbaycan xalqı da, dövləti də daim bu məqsəd, uğur qazanmaq uğrunda mübarizə aparıb. Ulu Öndərimiz ilk dəfə hakimiyyətə gələndə onun bir çağırışı olub: "Azərbaycan xalqı ağsaqqlın, böyüyün yerini bilməlidir, böyüyə kiçiyə hörmət olmalıdır, həmrəylik olmalıdır, insanlar bir-birinə səmimi olmalıdırlar, bu səmimiyyət insanları birləşdirməlidir və ümumi məqsədə, ümumi niyyətə yol açmalıdır." Əlbəttə ki, bu öz nəticələrini o dövrdə göstərdi və Ümummilli Lider Heydər Əliyev istəyirdi insanlar bir-birlərinə yaxın olsunlar, insanlar bir-birlərinə doğma olsunlar. Sovetlər dövründə də belə oldu, müstəqillik dövründə də Ulu Öndər bu məqsədə xidmət elədi. Ötən əsrin 90-cı illərini yada saldıqda görürük ki, Ümummilli Lider daimi olaraq Azərbaycan xalqını birliyə çağırırdı. Onları şayələrdən uzaq olmağa, yalanlardan uzaq olmağa çağırırdı və buna da müvəffəq oldu. O, hakimiyyətə gələndə istədi ki, bütün siyasi qüvvələri birləşdirsin. Bu məqsədlə onlara çağırış elədi. İstər parlamentdəki çıxışlarında, istərsə də sonrakı dövrlərdə buna nail oldu. O, dahi bir insan idi və bilirdi ki, Azərbaycan xalqı bir olmasa, ümumi düşmənimiz olan ermənilərə qarşı, eləcə də bizi istəməyənlərə qarşı birgə mübarizə aparmasaq biz yaxşı nəticələr əldə edə, ölkəni inkişaf etdirə bilmərik. Bu siyasəti bu gün bizim hörmətli Prezidentimiz də uğurla həyata keçirir. O, bütün çıxışlarında qeyd edir ki, Azərbaycan xalqı, Azərbaycan vətəndaşları həmrəy olmalıdırlar, onlar bir-birlərinə qarşı səmimi münasibətdə olmalıdırlar, bir-birlərinə qarşı hörmət göstərməlidirlər və biz milli dəyərlərimizə sadiqliyimizi nümayiş etdirməliyik. Sözsüz ki, birlik bizim uğurlarımızdır və ölkə rəhbəri də ölkədə ictimai-siyasi sabitliyi uğurlarımızın əsası hesab edir. Bütün çıxışlarında ölkə başçısı bunu qeyd edir ki, bizim birinci uğurumuz ölkədə yaradılmış ictimai-siyasi sabitlik, vətəndaş-prezident birliyinin olmasıdır və bu birliyin nəticəsidir ki, biz yeni-yeni uğurlara imza atırıq. Əlbəttə ki, bu birlik olmalıdır. Məsələn, son parlament seçkilərini götürək. Bu seçkilərdən sonra Cənab Prezident bütün siyasi partiyaları birliyə dəvət elədi. Onların bir yerdə çalışmalarını, bir yerdə mübarizə aparmalarını, ümumi düşmənimizə qarşı bir yerdə olmalarını səsləndirdi. Bu nəinki sözdə, əməli işdə də öz əksini tapdı və parlamentin formalaşmasında siyasi qüvvələr yaxından iştirak elədilər. Bu gün də Cənab Prezident öz çıxışlarında deyir ki, fikir ayrılığı ola bilər, müəyyən problemləri qabartmaq olar, ancaq bu ümumi məqsədlərə xidmət eləməlidir. Kiminsə təkidi ilə, kiminsə xahişi ilə, kiminsə tapşırığı ilə olmamalıdır. Ona görə də bu gün bütün dünya koronavirusun qarşısında aciz qaldığı bir dövrdə bu birliyin, bu həmrəyliyin olması çox vacibdir. Çünki, deyilənlərə əməl olunmalıdır, tapşırıqlar yerinə yetirilməlidir. Bu tapşırığı təkcə dövlət yox, hər bir vətəndaş da yerinə yetirməlidir, buna əməl eləməlidir. Ona görə də əlbəttə ki, bizim uğurlarımız bizim birliyimizdən, bizim ölkə rəhbəri ətrafında sıx birliyimizdən, prezident-xalq, xalq-prezident birliyindən keçir. Elə bilirəm ki, biz bu birliyi təmin etmişik, Cənab Prezidentin siyasəti bu birliyi təmin edib. Lakin müəyyən qüvvələr var ki, onlar da bu vəziyyətdən siyasi məqsədlər üçün istifadə etməməlidirlər. Müəyyən hadisələrə şantaj donu geyindirməməlidirlər, müəyyən məsələləri yalandan qabartmamalıdırlar, şouya, siyasi avantüraya yol verməməlidirlər. Elə bilirəm ki, ölkə rəhbərinin siyasəti bizim uğurları bundan sonra da təmin edəcək. Biz bir yerdə ümumi bəlamıza, erməni təcavüzünə, eləcə də dünyada insanları vahiməyə salan bu xəstəliyə qarşı birgə mübarizə nəticəsində istədiyimizə nail ola biləcəyik. Yenə də təkrar edirəm ki, bizim bütün uğurlarımız bizim birliyimizdən, bizim həmrəyliyimizdən keçir ki, bu həmrəyliyi təmin edən, bu həmrəyliyə yollar açan bizim prezidentimiz var və sözsüz ki, bu birliyin nəticəsində biz bütün çətinliklərə qalib gələcəyik", deyə Tahir Rzayev bildirib.