Sürücülər karantin dövründə sərnişinləri daşımaqdan imtina etməyiblər DANX

25 Mart 2020 11:35 (UTC+04:00)

Xüsusi karantin rejimi dövründə xidmətinə məhdudiyyət qoyulmayan avtobusların sürücüləri sərnişinləri daşımaqdan imtina etməyiblər. SİA-nın məlumatına görə, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, bu günə qədər həmişə narazı olduğumuz sürücülər çalışacaqlarını bildiriblər: “Şəhərdaxili və rayondaxili 617 marşrut xətti üzrə xidmətinə məhdudiyyət qoyulmayan avtobusların sürücüləri xüsusi karantin rejimi dövründə sərnişinləri daşımaqdan imtina etməyiblər. DANX olaraq sərnişinlərin qaydalara uyğun gediş-gəlişini fasiləsiz təmin edəcəyik. Ancaq o sürücülərin bu dövrdə etdikləri fədakarlığı nəzərə alaraq heç bir zərurət yoxdursa evlərimizdən çıxmayaq. Bu günlər müvəqqətidir. Bir-birimizi düşünməyin vaxtıdır. Bu günə qədər həmişə narazı olduğumuz sürücülər gəlib düşünmədən çalışacaqlarını bildiriblər. Onları da evdə gözləyənləri nəzərə alaraq”.