"Dövlət bütün istiqamətlərdə zəruri tədbirləri görür və görəcək" ÖZƏL-MÜNASİBƏT

25 Mart 2020 11:29 (UTC+04:00)

"Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan xalqının güclü milli-mənəvi dəyərlər sisteminə malik olması koronovirusla mübarizədə öz təsirini göstərəcək". Bunu SİA-ya millət vəkili Ceyhun Məmmədov deyib.

Deputatın sözlərinə görə, son günlər müxtəlif qurumların və bir sıra ölkə vətəndaşlarının yaşlı insanlara dəstək məqsədilə müxtəlif aksiyalar həyata keçirməsi bu fikri bir daha təsdiqləyir: "Bildiyiniz kimi, Azərbaycanda həmişə böyüklərə hörmət, diqqət və qayğı olub. Bu ənənə Azərbaycanda artıq həyat tərzinə çevrilib. Hər bir Azərbaycan vətəndaşı böyüyə hörməti, kiçiyə mərhəməti özünün mənəvi borcu bilir. Bu ənənələri qorumaq və ona riayət etmək hər birimizin borcudur. Bildiyiniz kimi hazırki dövrdə koronovirusdan dünyasını dəyişən insanlar arasında yaşlı insanlar daha çoxdur. Bu günlərdə bu qəbildən olan insanların daha çox yardıma və dəstəyə ehtiyacı var. Hər birimiz gücümüzü səfərbər edərək bu insanları öz qayğımızla əhatə etməliyik. Fürsətdən istifadə edərək hər bir vətəndaşımızı dövlət tərəfindən müəyyənləşdirilən qaydalara əməl etməyə, panikaya qapılmamağa, soyuqqanlı olmağa çağırıram. Dövlət bütün istiqamətlərdə zəruri tədbirləri görür və görəcək".