"Tibb işçilərinin əməkhaqlarının artırılması onların fədakarlığına verilən ən böyük qiymətdir" ÖZƏL-MÜNASİBƏT

18 Mart 2020 20:13 (UTC+04:00)

"Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı koronovirus təhlükəsi ilə bağlı mübarizənin dövlətin daima diqqətində olduğunu göstərir". Bunu SİA-ya millət vəkili Aydın Mirzəzadə deyib.

Deputatın sözlərinə görə, heç kimə sirr deyil ki, həmin təhlükənin yayılmasının qarşısını ilk növbədə tibb işçiləri alır: "Bu baxımdan cənab Prezidentin bu infeksiya ilə mübarizədə əhatə olunmuş tibb işçilərinin 5 dəfəyədək qaldırılması barədə Sərəncam imzalaması onların əməyinə verilən bir qiymətdir. Bir daha sübut olunur ki, Azərbaycan dövləti həm hər vətəndaşının sağlamlığının və təhlükəsizliyinin qorunmasında maraqlıdır, həm də hər bir vətəndaşının əməyininin ədalətlə qiymətləndirilməsini təmin edir. Bu onu göstərir ki, koronovirusla mübarizədə bütün metodlardan istifadə edilir. Bu heç də son addım deyil. Cənab Prezident bu məsələləri diqqətdə saxlayır və tibb işçilərinin əməkhaqlarını birdən-birə 5 dəfəyədək qaldırması onların fədakarlığına verilən ən böyük qiymətdir. İlk növbədə cənab Prezidentimizə Azərbaycan dövləti, Azərbaycan vətəndaşı tibb işçilərimizə bu fədakarlığına, qəhrəmanlığına görə öz təşəkkürünü bildirir və onların fəaliyyətindən qürur duyurlar".