Həmsədrlər İrəvandadırlar

12 Aprel 2011 21:21 (UTC+04:00)

ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke, Bernar Fasie, İqor Popov və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistanda səfərdədilər. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri bu ölkənin xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər. XİN rəhbəri həmsədrlərlə görüş zamanı Azərbaycanın Dağlıq Qarabağla həmsərhəd rayonlara göndərilən faktaraşdırıcı missiyailə bağlı şərhlərinə toxunub: "Azərbaycan tərəfinin hesabata dair şərhləri həmsədrlərin təqdim etdikləri hesabatla ziddiyyət təşkil edir".

Görüşdən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri İrəvanda jurnalistlərə açıqlama veriblər. Rusiyalı həmsədr İqor Popov xarici işlər naziri Edvard Nalbandyanla sülh danışıqları prosesinin gedişatını müzakirə etdiklərini deyib: "Biz Martın 5-də əldə olunan Soçi razılaşmalarının yerinə yetirilməsi prosesini müzakirə etdik, təmas xəttindəki insidentlərin araşdırılması mexanizminin hazırlanması məsələsinə toxunduq. Eləcə də xarici işlər nazirlərinin gözlənilən görüşündən danışdıq".