Novruz çələngi

16 Mart 2020 14:46 (UTC+04:00)

İlaxır çərşənbə – Torpaq çərşənbəsi

Günlər bir-birindən aydın, maraqlı,
Həyətlər tonqallı, əllər çıraqlı,
İlaxır çərşənbə Novruz soraqlı,
İllərin üstünə gəlir yeni il,
Al-yaşıl geyinir Şirvan, Muğan, Mil.

Yellər çağa kimi ağlayıb getdi,
Sel-su şırıltıyla çağlayıb getdi,
Od-atəş közərti bağlayıb getdi,
Güllər qönçələndi, göyərdi yarpaq,
Uddu Suyu, Odu, Küləyi Torpaq.

Üç ünsür Torpaqda birlik qazanar,
Birliklə yanaşı dirlik qazanar,
Xeyir şər üstündə şirlik qazanar,
Hörmüz nur saçdıqca qətiyyətində,
Əhrimən əriyər öz zülmətində.

Bizlərdən çox uzaq aslıq, fəlakət,
Xalqımın boynuna biçilib zəhmət,
İlbəil gözlənir bolluq, bərəkət,
Novruz xoş müjdəli arzu gətirər,
Zəhmət bəhrə verər, ruzu gətirər.

Qızlar qulaq falı sorağındadı,
Təbiət hərarət marağındadı,
Gözlər Azərbaycan bayrağındadı,
Bayramda şənlənib sevinər ellər,
Bizi xoş sabaha aparar illər.

Valeh Məhərrəmli