İlham Əliyev: “Beynəlxalq təşkilatların qətnamələrinə baxmayaraq, Ermənistan hələ də Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış torpaqlarını işğal altında saxlayır”
12 Aprel 2011 04:47 (UTC+04:00)
Hazırda bir sıra təcavüzkar qüvvələrin dağıdıcı fəaliyyəti regional və beynəlxalq səviyyədə sülhün, əmin-amanlığın qorunmasına, davamlı inkişafa mənfi təsir göstərir. Avrasiya məkanında gedən iqtisadi, siyasi proseslərə mühüm təsir imkanları olan Cənubi Qafqaz regionunda isə öz fəaliyyəti ilə uzun illərdir ki, sabitlik və inkişafa destruktiv təsir göstərən dağıdıcı element məhz Ermənistandır. Təcavüzkar siyasəti ilə regionda sülhün, təhlükəsizliyin bərqərar olmasına imkan verməyən rəsmi Yerevanın hazırkı mövqeyi işğalçı ölkənin vəziyyətin nizamlanmasında maraqlı olmadığını, vaxtı uzatmağa çalışdığını göstərir. Təəssüf ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə birbaşa məşğul olan dövlətlərin və beynəlxalq qurumların işğalın dayandırılması yönündə kifayət qədər prinsipiallıq nümayiş etdirməməsi konflikt ətrafında bugünkü vəziyyəti yaradıb. Lakin Azərbaycan rəhbərliyinin ərazi bütövlüyünün bərpası istiqamətində tutduğu ardıcıl mövqe Ermənistanın utopik niyyətlərini gerçəkləşdirməsinə imkan verməyəcək. Ölkə rəhbərliyi Azərbaycan torpaqlarının işğalı faktı barədə dünya birliyini hər zaman məlumatlandırıb və bu proses işğalın davam etdiyi müddət boyunca sürdürüləcək.
Xatırladaq ki, bu günlərdə Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxış edən Prezident İlham Əliyev Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlamasını, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsini bir daha xatırladıb, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, İKT, Avropa Şurası, Avropa Parlamenti, ATƏT-in müvafiq qətnamələrinin yerinə yetirilmədiyini vurğulayıb: "Beynəlxalq təşkilatların qətnamələrinə baxmayaraq, Ermənistan hələ də Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış torpaqlarını işğal altında saxlayır".
Azərbaycanın illərlə apardığı təbliğatın, Dağlıq Qarabağ münaqişəsi barədə əsl həqiqətlərin dünyaya çatdırılması yönündə əzmkarlığının məntiqi nəticəsi olaraq Ermənistan işğal siyasəti üzündən bir sıra dövlətlərin və təşkilatların qınaq obyektinə çevrilib. Təsadüfi deyil ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən zəbt olunması faktına Bakıdakı Forumda iştirak edən nüfuzlu təşkilatların rəhbərləri tərəfindən sərt münasibət ortaya qoyulub. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən İSESKO-nun baş direktoru Əbdüləziz əl-Tüveycri Azərbaycanın ərazi bütövlüyünün bərpasında, münaqişənin BMT qətnamələri əsasında sülh yolu ilə həllində mövqeyinin qəti olduğunu bildirib: "Ümid edirik ki, Ermənistan hökuməti dünyanın səsini və tələbini eşidəcək. Çünki bu torpaqlar tarixən Azərbaycanındır və Azərbaycana da qayıtmalıdır. Mən bir daha təsdiq edirəm ki, Qarabağ Azərbaycanın bir hissəsidir və Ermənistan tərəfindən işğal olunub".
Beynəlxalq siyasətdə ikiüzlülüyün, riyakarlığın müşahidə olunduğunu söyləyən Əbdüləziz əl-Tüveycri əlavə edib ki, BMT qətnamələrində Azərbaycan torpaqlarının işğaldan azad olunmasının, ölkənin ərazi bütövlüyünün təmin edilməsinin tələb olunmasına baxmayaraq, beynəlxalq ictimaiyyət qətnamələrin yerinə yetirilməsində kifayət qədər qətiyyətli mövqe sərgiləmir: "Amma Liviya ilə bağlı qətnamə dərhal yerinə yetirildi, onlar öz iradələrini diktə etmək üçün Liviyanı bombalamağa gəldilər. Bu riyakarlıqdır".
İSESKO-nun baş direktoru bir daha vurğulayıb ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, bu torpaqlar azad olunmalı, Azərbaycan vətəndaşları ölkənin bu hissəsində normal şəkildə yaşaya bilməlidir. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Mövlud Çavuşoğlu da jurnalistlərə müsahibəsində rəhbərlik etdiyi qurumun Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və torpaqların işğaldan azad edilməsində maraqlı olduğunu bildirib: "AŞ PA-nın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi aydındır, Azərbaycan torpaqlarının işğalı ilə əlaqədar 2005-ci ildə qətnamə qəbul olunub".
Göründüyü kimi, Ermənistanın təcavüzkar siyasəti beynəlxalq miqyasda kəskin etiraz doğurur. Azərbaycanın ərazi bütövlüyünü pozmaqla minlərlə dinc sakinin ölümünə, bir milyondan artıq soydaşımızın isə yurd-yuvasından didərgin düşməsinə səbəb olan, işğal etdiyi ərazilərdə müxtəlif istiqamətlər üzrə geniş miqyasda qanunsuz fəaliyyət aparan, talanlar törədən, maddi-mədəni abidələri məhv edən Ermənistan elementar insani dəyərlərə hörmətsizliyini göstərməklə yanaşı, beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozur. Bu isə təbii olaraq, dünyada ədalətin bərqərar olmasında, sülh və əmin-amanlığın təmin edilməsində maraqlı olan dövlətlər, beynəlxalq təşkilatlar üçün qəbuledilməz haldır. Təxminən 20 ildir ki, davam edən işğala son qoyması üçün isə Ermənistan beynəlxalq qurumlardan layiq olduğu münasibəti görməli, bunun üçün isə həmin təşkilatlar işğalçı ölkə ilə olan əlaqələrinə yenidən baxmalıdır. Azərbaycan 1994-cü ildən bu vaxta qədər aparılan danışıqlarda konstruktiv mövqeyi ilə məsələnin diplomatik yolla həllinə çalışdığını sübuta yetirib. Beynəlxalq birlik də münaqişənin sülh yolu ilə nizamlanmasında maraqlı olduğunu ədalətin bərpası naminə iradəsini ortaya qoymaqla isbat edə bilər.