Elman Nəsirli: “Dövlət Departamenti Ermənistanın işğalçı tərəf olmasını öz hesabatında aydın şəkildə göstərib” - AÇIQLAMA

12 Aprel 2011 03:36 (UTC+04:00)
"ABŞ Dövlət Departamenti əvvəllər də belə bəyanatlarla çıxış edib. Xarici siyasət idarəsi 2001-ci ildə Ermənistanda insan hüquqlarının kütləvi şəkildə pozulması, Azərbaycan torpaqlarının işğal altında saxlaması ilə bağlı məlumatlar verib. Lakin ondan sonra fərqli bir vəziyyətin şahidi olmamışıq". Bu barədə SİA-ya açıqlmasında ABŞ Dövlət Departamentinin açıqladığı hesabata münasibət bildirən politoloq Elman Nəsirli deyib. O bildirib ki, Dövlət Departamentinin budəfəki hesabatının Ermənistanla bağlı hissəsində qeyd olunur ki, burada çoxsaylı insan hüquq və azadlıqlarının pozulması faktı mövcuddur. Politoloqun fikrincə, ABŞ Ermənistanı işğalçı dövlət kimi tanıdığına dair hesabat yaysa da, ona qarşı heç bir sanksiya tətbiq etməyəcək.

E.Nəsirli vurğulayıb ki, ABŞ-da xarici siyasəti prezident müəyyən etsə də, xarici siyasətin icra funksiyasını Dövlət Departamenti yerinə yetirir: "Dövlət Departamenti Ermənistanın işğalçı tərəf olmasını öz hesabatında aydın şəkildə göstərib. ABŞ-ın dünyanın 180 ölkəsində səfirlikləri fəaliyyət göstərir və həmin ölkələrlə sıx diplomatik münasibətləri mövcuddur. ABŞ-ın hər hansı bir ölkədə olan səfirliyi də bu hesabatdan qaynaqlanaraq Ermənistanla bağlı fəaliyyətlərini tənzimləyə bilərlər. Xüsusilə də ABŞ-ın Ermənistandakı səfirliyi Dövlət Departamentinin bu bəyanatından çıxış edərək konkret iş görə bilər. Yəqin ki, Dövlət Departamentinin bu hesabatının ardınca ABŞ Ermənistana qarşı münasibətində ciddi korrektələr edəcək, konkret olaraq çox ciddi tədbirlər görməyə başlayacaq".