AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.
SİA-nın xəbərinə görə, AMEA elmi müəssisə rəhbərlərinin, alim və mütəxəssislərin iştirak etdiyi iclası giriş sözü ilə AMEA prezidenti, akademik Mahmud Kərimov açaraq gündəlikdəki məsələlər haqqında məlumat verib.
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, fil.e.d. Azadə Musayeva "Xarici ölkələrdəki Azərbaycan əlyazma kitabları problemi" mövzusunda məruzə ilə çıxış edib.
AMEA Əlyazmalar İnstitutunda fəaliyyət göstərən "Türkdilli əlyazmaların tədqiqi" şöbəsində abidələrin üzə çıxarılması, təhlili, transfoneliterasiyası, nəşrə hazırlanması və s. istiqamətdə araşdırmaların aparıldığını söyləyən A.Musayeva xarici ölkələrdəki Azərbaycan əlyazma kitablarının (AƏK) aşkarlanması, surətlərinin əldə olunması sahəsində görülən işlərə baxmayaraq, problemin hələ də tam həll olunmadığını bildirib.
A.Musayeva AƏK-in institut əməkdaşlarının daim diqqətində olduğunu, 700-ə yaxın müəllifin 10000-dən artıq əlyazmasından bilgilərin toplanıldığını, çağdaş zamana uyğun biblioqrafik göstəricisinin hazırlanmaqda olduğunu qeyd edib.
Akademiklər Mahmud Kərimov, Nailə Vəlixanlı, AMEA Əlyazmalar İnstitutunun direktoru, filologiya elmləri doktoru, dosent Məmməd Adilov, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli təqdim olunan məruzə ətrafında çıxış edərək mövzunun aktuallığını qeyd ediblər.
Xarici ölkələrdəki AƏK probleminin açıqlanması, onların üzə çıxarılması, əldə olunması yolları, arealı, elmi təsnifatı, dili və s. haqqında bilgilərin sistemli şəkildə təqdim edilməsi baxımından məruzənin əhəmiyyətli olduğunu bildiriblər.
AMEA RH-ın qərarı ilə Azərbaycanda Elmi İrsin Toplanması və Sistemləşdirilməsi Şöbəsinin baş mütəxəssisi Solmaz Cəlilova 60 illik, f.-r.e.d. Əli Məmmədov 80 illik, b.e.d. Şəfiqə Topçuyeva 60 illik, k.t.ü.f.d. Əminə Axundova 70 illik, b.e.d. Şaiq İbrahimov 60 illik, k.e.n. Şamı Sadıqov 70 illik yubileyləri münasibətilə AMEA-nın Fəxri Fərmanı ilə təltif olundular.
İclasda AMEA-nın müxbir üzvü Tofiq Hacıyevin 75 illik, AMEA-nın müxbir üzvü Maqsud Qurbanovun 70 illik yubileylərinin keçirilməsi, AMEA Fiziologiya İnstitutu, AMEA Milli Azərbaycan Tarixi Muzeyi, AMEA Genetik Ehtiyatlar İnstitutu, AMEA Zoologiya İnstitutu, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutlarının Elmi Şuralarının tərkibində qismən dəyişiklik edilməsi, AMEA Mərdəkan Dendrarisi Elmi Şurasının yeni tərkibi, "AMEA-nın Xəbərləri" (biologiya elmləri) jurnalının redaksiya heyətinin yeni tərkibi, "Azərbaycan Fizioloqlar Cəmiyyətinin və AMEA Fiziologiya İnstitutunun Külliyyatı"nın redaksiya heyətinin təsdiqi, AMEA Memarlıq və İncəsənət İnstitutunun Elmi Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında AMEA RH qərar qəbul edib.
Sonda bir sıra kadr məsələlərinə də baxılıb.