ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib

12 Aprel 2011 01:26 (UTC+04:00)

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyadan SİA-ya verilən xəbərə görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər və partiya həyatına aid bir sıra məsələlər əsas müzakirə obyekti olub.

İlk növbədə Yunanıstan prezidentinin ölkəmizə səfərinin nəticələrinə diqqət çəkən İdarə Heyəti üzvləri iki ölkə arasında qarşılıqlı dostluq və əməkdaşlıq baxımından bu səfərin əhəmiyyətini qeyd etsə də, türk dünyasına qarşı Ermənistanla həmrəy siyasət yeridən bu ölkə ilə əldə edilən qaz anlaşmasını qardaş Türkiyənin regiondakı nüfuzuna mənfi təsir etməsi və Azərbaycanın beynəlxalq siyasətdə təklənməsi baxımından məqbul hesab etməyib və hakimiyyəti bu cür anlaşmalarda siyasi mövqeləri ölkəmizlə üst-üstə düşən qardaş Türkiyə ilə vahid mövqedən çıxış etməyə çağırıb.


İdarə Heyəti üzvləri mədəniyyətlərarası dialoq çərçivəsində Bakıda keçirilən tədbirin ümumbəşəri mədəniyyətin inkişafına və ayrı-ayrı etnik və dini mədəniyyətlərin yaxınlaşaraq vahid insani mövqedən çıxış etməsinə töhfə olacağına əminliyini ifadə edib. Eyni zamanda tədbirə qatılan xristian dünyasının təmsilçisi olan nümayəndələrin işğal olunmuş ərazilərimizdə maddi və mədəniyyət abidələrimizi yerlə-yeksan edən erməni vandalizminə qarşı susqunluq nümayiş etdirməsini pisləyən partiya yetkililəri bu cür tədbirlərin formal deyil, mədəniyyətlərin qoruması kimi ali məqsədə xidmət edən mahiyyət üzrə keçirilməsinin tərəfdarı olduğunu bəyan edib.

Aprelin 2-də keçirilən dinc aksiyalara bir daha münasibət bildirən İdarə Heyəti üzvləri mitinq zamanı və ondan sonrakı dövr ərzində islami kəsim də daxil olmaq şərti ilə aparılan həbsləri qətiyyətlə pisləyib, onların dərhal azadlığı buraxılmasını və dinc aksiya iştirakçılarına qarşı zorakılıq tətbiq edən hüquq mühafizə orqanları əməkdaşlarının cəzalandırılmasını tələb edib.


İdarə Heyəti üzvləri YAP gəncləri və funksionerləri adı altında Müsavat partiyasının qərargahı qarşısında təşkil edilən aksiyaların yolverilməz olduğunu bildirib və bu neqativ halların sonucda vətəndaş qarşıdurmasına gətirib çıxara biləcəyindən narahat olduğunu diqqətə çatdırıb.