"Avropa qaçqınlar üçün vəsait ayırmır" Ərdoğan

11 Mart 2020 14:26 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqından öhdəlikləri yerinə yetirməyi tələb edib. SİA xəbər verir ki, ölkə rəhbəri Aİ-nin Türkiyə qarşısında öhdəliklərini yerinə yetirməyənədək Türkiyənin qaçqınlar üçün sərhədləri bağlamayacağını deyib.

Ərdoğan bildirib ki, martın 26-da keçiriləcək sammitdə Türkiyə tələblərini bir daha dilə gətirəcək: "Əgər vəd olunanlar yerinə yetirilməsə qaçqınlar üçün sərhədlərin açılması qərarı qüvvədə olacaq".

Türkiyə prezidenti bildirib ki, Avropa İttifaqı 2016-cı ilin martında imzalanmış saziş üzrə öhdəlikləri yerinə yetirmir: "Biz Avropaya qaçqın axınının qarşısını almaqla öz öhdəliyimizi yerinə yetirdik. Milyonlarla qaçqın bizdə sığınacaq tapıb. Amma Avropa nə qaçqınlar üçün maliyyə dəstəyi baxımından, nə də Türkiyə vətəndaşları üçün vizaların ləğv olunması baxımından öz vədinə əməl etməyib".