NOVRUZ ÇƏLƏNGİ

10 Mart 2020 17:36 (UTC+04:00)

YEL BABAYA SALAM OLSUN!

Küləklər verər müjdəmi,

Yetişər novbahar dəmi,

Hərarət sarar aləmi,

Yel Babaya salam olsun!

Ağ Yel ağ, Qara yel qara,

Al rəng miras Gilavara,

Xəzri göylə gələr kara,

Yel Babaya salam olsun!

Suda yaradar fırtına,

Alov qalxar ərş qatına,

Toxum səpər yer altına,

Yel Babaya salam olsun!

Xəfif mehə qənşər gələk,

Yel Dağına edək dilək,

Üz çevirməz bizdən fələk,

Yel Babaya salam olsun!

Nəfəsi mizana kömək,

Tutyəsi ozana kömək,

Yumağı azana kömək,

Yel Babaya salam olsun!

Yel tərk etsə «Qara Nəhri»,

Sona yetər qışın qəhri,

Bizə çatar yazın bəhri,

Yel Babaya salam olsun!

Əssə güclü səmum yeli,

Əhrimənin sınar beli,

Bəmləşər səsinin zili,

Yel Babaya salam olsun!

Ruzigarın sərt üzüdü,

Haqq ölçülü tərəzidi,

Yel Baba Yəzdan özüdü,

Yel Babaya salam olsun!

Salxım söyüdləri əyər,

Budaqları yerə dəyər,

Arzu-kama çatın deyər,

Yel Babaya salam olsun!

Valeh Məhərrəmli