Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadasının bağlanış və qaliblərin mükaatlandırma mərasimi keçirilib
10 Aprel 2011 01:49 (UTC+04:00)
Bu gün Bakı İdman Sarayında ekologiya və təbiəti mühafizə problemlərinə həsr olunmuş ənənəvi Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadasının (İNEPO Eurosia) bağlanışı və olimpiadanın qaliblərinin mükafatlandırma mərasimi keçirilib. SİA-nın xəbərinə görə, mərasimdə təhsil naziri Misir Mərdanov, millət vəkilləri, ali və orta ixtisas təhsil ocaqlarının rəhbərləri və digər ictimai-siyasi xadimlər iştirak ediblər. Aprelin 6-dan etibarən başlayan Azərbaycan Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, İctimai Televiziya və Radio Yayımları Şirkətinin dəstəyi və "Çağ" Öyrətim İşlətmələrinin və Ekologiya İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.
Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov müstəqilliyimizin 20-ci ildönümü ərəfəsində belə bir tədbirin keçirilməsini yüksək qiyətləndirib. O bildirib ki, beynəlxalq tədbir çərçivəsində 35-dən çox ölkənin nümayəndəsi bir-birini daha yaxından tanıyıb və Azərbaycan haqqında daha geniş məlumat əldə edib.
Nazir qeyd edib ki, ekoloji mühitin qorunması Azərbaycanda prioritet məsələlərdən biridir: "Bu sahəyə dövlət səviyyəsində xüsusi qayğı və diqqət göstərilir. 2010-cu ilin Azərbaycanda "Ekologiya ili" elan edilməsi bunun bariz nümunəsidir".
Olimpiadanın təşkilat komitəsinin rəhbəri Arif Gömleksiz isə bu tədbir haqqında ətraflı məlumat verib. O bildirib ki, bu olimpiadanı təşkil etməkdə məqsəd dünyada artmaqda olan ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanması mövzusunda gənc nəsli bilikləndirmək, şagirdlərdə ekoloji şüuru inkişaf etdirmək, ətraf mühitə qarşı həssas münasibəti formalaşdırmaqdan ibarətdir. A.Gömleksiz vurğulayıb ki, bu il Azərbaycan respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilmiş olimpiadanın iştirakçıların sayı daha da artıb. Onun sözlərinə görə, bu il olimpiadada 35 ölkədən 300-dək iştirakçı müxtəlif layihələrlə yarışıb.
Tədbirin davamında enerji, ətraf mühit, mühəndislik və sosial elmlər kateqoriyaları üzrə birinci, ikinci və üçüncü yerərin qaliblərinə mükafatlar təqdim olunub. Tədbirin sonunda da çıxış edən qonaqlar və qaliblər Azərbaycanda belə bir olimpiadanın keçirilməsini yüksək qiymətləndirib və bu işdə əməyi olan hər kəsə öz minnətdarlıqlarını bildiriblər.