Bakıda 2011-ci ilin ən böyük təhsil sərgisi keçirilir - FOTO
9 Aprel 2011 22:54 (UTC+04:00)
Bu gün Bakıda 2011-ci ilin ən böyük təhsil sərgisi açılıb. SİA-nın xəbərinə görə, sərgi Türkiyənin məşhur "Akare International Education Fairs" şirkəti tərəfindən təşkil olunub. Sərgiyə Azərbaycanda yerləşən universitet və dil kursları ilə yanaşı 95% xarici ölkələrin müxtəlif ali təhsil ocaqları qatılıb. Sərgidə Avstraliya, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə, İsveç, Şimali Kipr, Türkiyə və bir sıra başqa ölkələrin ali məktəbləri iştirak edirlər. Ümumilikdə isə sərgidə 12 ölkənin 70-ə yaxın ali təhsil müəssisələri və dil kursları təmsil olunur.
Sərgidə iştirak edən ayrı-ayrı təhsil müəssisələrinin nümayəndələri təmsil etdikləri qurumlarda təhsil almaq şərtləri, ölkələrində tələbələrə nəzərdə tutulan güzəştlər, gündəlik xərclər və digər məsələlər barədə iştirakçıları maraqlandıran sualları cavablandırırlar. Tələbələrə həmçinin xaricdə sertifikatlaşdırılmış təhsil, MBA proqramları və dil kursları barədə ətraflı məlumatlar verilir.
Sərgi aprelin 10–u saat 18:00-a kimi "Hyatt Regency" otelində davam edəcək. Tədbirdə 5 minə yaxın tələbə və ya gəncin iştirakı gözlənilir.