Azərbaycan polisi 8 Mart ərəfəsində aprel şəhidimiz Müşfiq Orucovun ailəsini ziyarət edib - FOTOLAR

7 Mart 2020 16:19 (UTC+04:00)

Bu gün Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin və Xətai Rayon Polis İdarəsinin əməkdaşları 8 Mart ərəfəsində aprel şəhidimiz Müşfiq Orucovun ailəsini ziyarət ediblər.

Şəhidin atası Arif Orucov torpaqlarımız uğrunda şəhid olan oğullarımızı, onların ailələrini daim yad etdiklərinə görə, asayiş keşikçilərinə minnətdarlığını bildirib.

"Bu gün ölkəmizdə sabitliyin qorunmasında mühüm rolu olan və cinayətkarlıqla qətiyyətli mübarizə aparan Azərbaycan Polisi şəhidlərimizin xatirəsini əziz tutmaqla gənclərimizi vətənpərvərliyə, vətəni, torpağı sevməyə səsləyir", deyən DİN Mətbuat Xidmətinin əməkdaşı, polis polkovnik-leytenantı Hafiz Təmirov tezliklə torpaqlarımızın işğaldan azad olunacağını və o gün şəhidlərimizin ruhunun sevinəcəyinə inamını ifadə edib.

Azərbaycan Dillər Universitetinin əməkdaşı Aynur Səfərli polisimizin bu nəcib addımını yüksək qiymətləndirib və bu ənənənin davam edəcəyinə ümidvar olduğunu deyib.