Orta Şərq xalqları "hörmət və etibar" istəyir
Türkiyənin Şərqlə Qərb arasında enerji körpüsü, ərəb dünyası üçün yeni model, Avrasiyadakı böyük oyunda açar rolu həmişəkindən daha əhəmiyyətlidir. SİA-nın məlumatına görə, "timetürk" xəbər saytı Türkiyənin region və dünyadakı proseslərə təsir etmək imkanı, bu imkanın artırılmasında enerji siyasətinin ölçüsü barəsində məqalə verilib.
2011-ci il martın ortalarında Dohada keçirilən 6-cı Əl-Cəzirə Forumunda Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu maraqlı çıxışı ilə yadda qalıb. O, 2011-ci il ərəb inqilablarının "tarixin təbii axınını yenidən təmin etmək üçün vacib" olduğunu qeyd edib. Davudoğlunun fikrincə, müstəmləkəçiliyin (Dəməşq və Bağdad arasındakı tarixi bağları qıran) və "soyuq müharibə"nin (Türkiyə ilə Suriyanı düşmən hala gətirən) strategiyasında ziddiyyətlər düzəldilməlidir. Türkiyə xarici siyasət idarəsinin başçısı "sıravi bir ərəbin tarixi dəyişdirə bildiyi an gəlmişdir", söyləyib. Davudoğlu "hörmət və etibar" istəyən Orta Şərq xalqlarına qulaq asmağın da vacib olduğunu dilə gətirib. O, şəffaflıq, insan haqqları və hüququn üstünlüyünün qorunması şərtilə bölgə ölkələrinin ərazi bütövlüyünün qorunma ehtiyacını vurğulayıb.
Yenə bu ilin mart ayının ortasında İstanbulda Liderlərin Zirvə görüşü baş tutdu. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyəni "ictimai ədalət əsaslı demokratik bir dövlət" kimi xarakterizə etdi. O, ABŞ-ı İraqın işğalı kimi Liviyanın da işğalından çəkinməyə çağırdı: "Əgər Liviyada bir rejim dəyişikliyi olacaqsa, bu daxildən gəlməlidir, xarici müdaxilə ilə deyil".
Bu vaxt Davudoğlu "ərəb xalqlarının demokratiyaya layiq olmadığı üçün islamçı radikalizmin qarşısını almaq və mövcud vəziyyəti qorumaq üçün avtoritar rejimlərə ehtiyacının olduğuna" inanan Qərbi ağır şəkildə ittiham etdi. O, qeyd edib ki, Yaxın Şərq və Şimali Afrikada baş verənlər "qlobal, siyasi, iqtisadi və mədəni yeni nizama" gedən yolun ümidinin hələ də yaşadığını göstərir. Türkiyə regional bir liderlik və Qərb ilə Şərq arasındakı son körpü mövqeyi rolunu istəyirsə, yalnız bu şəkildə danışmalı idi. Ərdoğan ərəb dünyası arasında əxlaqi baxımdan yüksək üstünlüyü onsuz da əldə etmişdi. Lap əvvəldən Misir prezidenti Hüsnü Mübarəkin istefa verməsini açıqca istədi. Ardınca hər kəs ərəb dünyası üçün Türkiyə modelindən danışmağa başladı. Lakin sonra Liviya məsələsi gündəmə gəldi. Türkiyənin Liviyada milyardlarla dollarlıq investisiyası var. Bir neçə gün ərzində bu ölkədən çıxardığı 20 mindən artıq işçidən danışmağa ehtiyac belə yoxdur. Ankara Qərbin yenidən qurmağı planladığı Liviya üçün hansı oyunları sərgilədiyinin fərqindədir. Türkiyə Birləşmiş Millətlər Təşkilatının 1973 saylı qərarını kəskin şəkildə qınadı. Bütün bunlar türk iş adamlarının Liviyaya dönməyə hazırlaşdığı bir vaxtda oldu. Bu hücumlar ən azından mahir bir diplomatik oyunun ortada olduğunu izah edir. Sual qaçılmazdır: Türkiyənin həqiqətən məqsədi nədir?
Yalnız irəli baxmaq lazımdır
Əhalisi Almaniyadan çox, güclü ordusu və yaxşı təhsili ilə dünyanın diqqətini cəlb edən, güclü və çoxşaxəli iqtisadiyyatı olan Türkiyə 2050-ci ildən əvvəl Avropanın 3-cü, dünyanın 9-cu gücü olacaq. Yaxın gələcəkdə Türkiyə inkişaf etməkdə olan Braziliya, Rusiya, Hindistan, Çin və Cənub Afrika Respublaikasınin yer aldığı qrupun - BRICS-in tam üzvü ola bilər. Qərb Şərqi Aralıq dənizindən Qərbi Çinə, Balkanlardan Orta Şərqə qeyri-rəsmi bir imperatorluğu idarə edən neoosmanlı sultanı və həvəsli bir xəlifə olaraq Ədalət və İnkişaf Partiyasının Ərdoğanından qorxur. 2011-cin il Böyük Ərəb İnqilabından əvvəl ABŞ Türkiyənin addımlarından çox təsirlənmişdi. İranla siyasi və ciddi əlaqələr quran, İraqdan Orta Asiyaya qədər regional mövzularda Vaşinqtondan müstəqil hərəkət edən Ərdoğan güvənilməz və "Amerikan-əleyhdarı" olaraq xarakterizə edilmişdi. Məsələ heç də ABŞ-ın Türkiyəni itirməsi, nə də Ərdoğanın neoosmanlı xəlifəliyidir. Əsas məsələ odur ki, ABŞ başqa olmaqla Qərb Türkiyənin strateji rolunu anlayır və bundan qorxur. Hamısı tək bir: "Strateji dərinlik: Türkiyənin beynəlxalq mövqeyi" adlı kitabda toplanıb. O zamanlar Mərmərə Universiteti Beynəlxalq Əlaqələr fakültəsinin professoru və bu günün xarici işlər naziri Əhməd Davudoğlunun 2001-ci ildə yazdığı kitab Türkiyənin bölgədə və dünyadakı strateji rolunun göstərilməsi baxımından əhəmiyyətlidir. Davudoğlu Türkiyəni üç eyni mərkəzli çevrə içərisinə qoyur: 1) Balkanlar, Qaradəniz hövzəsi, Qafqaz. 2) Orta Şərq və Şərqi Aralıq dənizi. 3) İran körfəzi, Afrika və Orta Asiya. Köhnə ikiqütblü dünyada Ankara passiv bir oyunçu, yəni ABŞ-NATO-nun tam silahlı bir gücü idi. Bu gün artıq Türkiyə, Orta Şərqdə açar bir oyunçudur. Davudoğlunun sözləri ilə desək, Türkiyə ən azı 8 yerdə mövcuddur: Balkanlar, Qaradəniz, Qafqaz, Xəzər, Orta Asiya, İran körfəzi, Orta Şərq və Aralıq dənizi. Bir çoxları Pentaqonun nəzarətindən kənarda müsəlmanların səkkiz strateji boğaza nəzarət etdiyini dürüst olaraq bilmir.
Davudoğlunun düsturları
Bütün bunları perspektivə yerləşdirmək üçün Davudoğlu bir düstur təklif edir: neoosmanlıçılıq + pantürkizm + islam = Böyük Türkiyə. Neoosmanlıcılıq ərəb torpaqlarına olduğu qədər Balkanlarla da əlaqəlidir. Pantürkizm isə Orta Asiya ilə əlaqəlidir. İslam Mərakeşdən Malayziyaya bütün islam torpaqlarını əhatə edir. Bu Rusiya strategiyaçılarının "yaxın ətraf" adlandırdığı bir şeydir. Almaniya Avropada necə avtonom və mərkəzi bir gücdürsə, Davudoğlu Türkiyənin də eyni rolu Şərqdə tətbiq etdiyini vurğulayır. Strateji dərinlik haqqında şübhələr də var. Lakin açar nöqtə iqtisadi terminlərdə yatır. Türkiyə yeni bir Çin olmaqdan daha çoxunu istəyə bilməz. Bunun ola bilməsi üçün isə Rusiya, Xəzər-Orta Asiya, İraq və İran neft-qazını Avropaya ixraç edəcək son strateji qovşağı yaratmaq lazımdır. Lakin qarşıdakı yol uzun və küləklidir. "Transatlantik Meyllər 2010" araşdırmasına görə türklərin 38 faizi və aropalıların 23 faizi Türkiyənin Avropa Birliyinə bir gün qəbul ediləcəyinə inandığını bildirib. Bu Türkiyənin Avropadan imtina etdiyi anlamına gəlmir. Yalnız fərqli bir strategiya həyata keçirir. Davudoğlu Türkiyə ilə İran arasındakı ortaqlığı Fransa və Almaniya arasındakı ortaqlıqla eyniləşdirir. Keçən il BMT Təhlükəsizlik Şurasında İranın nüvə məsələsi ilə əlaqədar Vaşinqton, London və Parisə qarşı Türkiyə ilə Braziliya arasındakı əlaqənin analizi üçün bu diqqətə alınmalıdır. İrana yaxın olan Suriya kritik bir vəziyyətdədir. Ankara Dəməşqə islahatların sürətlə həyata keçirilməsini tövsiyə edir. Türkiyə prezidenti Abdullah Gülün sözləri ilə desək, Aralıq dənizi sahilində qapalı bir rejim ola bilməz. Bəşər Əsəd də bunun fərqindədir. Ankara Tehranı Orta Asiya və İran körfəzinə açılan qızıl qapı olaraq görür. Türkiyə İran və Fələstin problemlərinin ("Mavi Mərmərə" qarşıdurmasından sonra Ərdoğanın "Qəzzanın kralı" adlandırılmasına təəccüblənməmək lazımdır) hər ikisində də güclü bir oyunçu halına gəldikcə bu Vaşinqton Qüds və ABŞ-ın ərəb peyk dövlətlərinin daha çox təşvişinə səbəb olur. Davudoğlunun daha bir düsturu "qonşularla sıfır problem"dir. Bu eyni zamanda təhlükəli bir qonşuluqdur. Türkiyədə Ermənistandan daha çox erməni, Albaniyadan daha çox alban, Bosniyadan daha çox bosniyalı və İraq Kürdüstanından daha çox kürd var. Bunların hamısı potensial barıt çəlləyidir. İqtisadi olaraq Ankara İraq Kürdüstanında çox nüfuzludur. Lakin eyni zamanda Cənubi Anadoludakı türk qüvvələrinə olan hücumların arxasında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və İsrailin "Mossad"ının olduğuna dair şübhələr var.
Ruslar gəlir
Türkiyə Qafqaz qonşularını əhatə edən həddindən artıq balanslı bir oyun oynamağa məcburdur. Burada əsas şərt Rusiyanı düşmən olmasına yol verməməkdir. "Soyuq müharibə" düşmənləri Türkiyə və Rusiya birlikdə Qafqazı və Orta Asiyanı idarə etmək üçün bir yol axtarır. Lakin eyni zamanda gözləri Orta Şərq və Balkanlara da çevrilib. Vaşinqton üçün Rusiya və Türkiyənin strateji ortaqlığının udulması isə çətin loxmadır. Rusiya Avropa enerji bazarları və ixrac xətləri üzərində təkhakimiyyətlilik yaratmaq istəyir. Bunun üçün isə Türkiyə-Rusiya strateji ortaqlığında böyük problemlərə səbəb olacağına təəcüblənməmək lazımdır. Ankara tranzit ölkəsi olaraq Avropa ilə oyun oynamaq gücündə olduğunun fərqindədir. Ancaq Brüssel ümidsizcəsinə Orta Asiyanı Vyanaya bağlayacaq problemli "Nabucco" boru xəttini istəyir. Moskva Bolqarıstan üzərindən çəkiləcək "Cənub axını"nı dəstəkləyir. Mümkün variantlardan biri də türkmən qazının Türkiyəyə Rusiya üzərindən nəql edilməsidir. Lakin enerji xətlərinin çoxşaxəliliyi olmadığından bu varianta Avropa və ABŞ qarşı çıxır. Rusiya Türkiyənin bir nömrəli ticarət ortağıdır. İxracının 70 faizi enerji, 20,5 faizi metal və 3 faizi kimyəvi məhsullardır. Rusiya türk inşaat firmaları üçün 25 faiz xarici bazarı təmsil edir. Türkiyə ruslar üçün turizmin ideal məkanıdır. Rusiya Türkiyədə 20 milyard dollarlıq nüvə stansiyası tikəcək. Bütün bunlar pantürkizmin (Adriatikdən Çin səddinə qədər türk dünyasını bir yerə toplama dürtüsü) sona çatdığı üçün mümkün oldu. 2008-ci ilin Rusiya-Gürcüstan müharibəsindən sonra hər şey əhəmiyyətli şəkildə dəyişdi. Moskva qazandı, Gürcüstan NATO-ya əlvida dedi. Ankara isə ona ünvanlanan mesajı aldı.
Ankaranın "strateji enerji mərkəzi" xəyalları gerçəkləşəcəkmi?
Ankaranın Avropa ilə enerji vasitəsilə əlaqələri inkişaf etdirməsi və regional əməkdaşlıq xəyalları qurduğu artıq bir sirr deyil. İran da Türkiyə üzərindən daha çox qaz ixraç etmək istəyir. Yalnız öz qazını deyil, türkmən qazını da göndərmək istəyir. Buna Avrasiyadakı Yeni Böyük Oyunun sabit təqvimi də demək olar. Ankara İran və türkmən qazını Avropaya çatdırmaq üçün Tehranın yanındadır. Hər ikisinin də geosiyasi maraqları var. İkisi də müstəqillik istəyən kürdlərə qarşı döyüşür. Ərdoğan və Mahmud Əhmədinejad təbii qazı Avropaya gətirəcək və ABŞ-ın dəstək verdiyi Qafqaz dəhlizinə yeganə alternativin İran olduğunu çox yaxşı bilir. Tehranın Ankara üçün bənzərsiz bir geosiyasi rola sahib olduğu gerçəyi ilə üzləşmək üçün Vaşinqtona nə lazımdır? Bir Xəzər dövləti olaraq İran türkmən qazını Avropaya Xəzərin hüquqi statusu həll olunmadan nəql edə bilər. Nəticə olaraq əgər Türkiyə İrana yaxınlaşmazsa Avropaya axacaq türkmən qazında qatarı qaçıra bilər. Bu Avropanın Rusiyaya daha asılı hala gəlməsinə səbəb olacaq. Türkiyəni Şərq ilə Qərb arasındakı son enerji körpüsü olaraq dəyərləndirən Davudoğlu böyük Las Veqas qumarbazı kimi davranır. Əgər pul sizin deyilsə oyuna daxil olmaq üçün bir yol tapmalısınız. Türkiyə ona lazım olan neftin 93 faizini, təbii qazın 97 faizini idxal edir. İdxal edilən qazın 55 faizi maya dəyəri həddindən artıq yüksək olan elektrik istehsalı üçün istifadə edilir. Enerji tələbatı Rusiya, Xəzər və Orta Şərqdən ödənilir. Burada həmçinin Avropa Birliyindən (AB) və Aralıq dənizi üzərindən dünya bazarlarına tələbat da var. Türkiyə dünyanın karbohidrogen mənbələrinin ən azı 72 faizinin yaxınlığındadır. Belə olan halda Ankaranın "strateji enerji mərkəzi" xəyalları qurmasına təəccüblənməmək lazımdır? Bir sözlə regionda baş verən proseslərdə açar nöqtə enerjidir, ideologiya deyil. İranın uranı zənginləşdirməsi ilə əlaqədar keçən il ortaya çıxan Türkiyə-Braziliya vasitəçiliyi, "Şahdəniz" təbii qaz sahəsindəki razılaşmaları özündə əks etdirən Azərbaycanla yaxşı əlaqələr, İraqdakı kürd regional rəhbərliyi ilə ticarətin inkişaf etdirilməsi üçün yaxşılaşan münasibətlərin hamısı enerji mövzusu altında toplanır. Bu yüksək qazanclı oyunda, Avropanın bəzi hökumətləri digərlərinə görə daha mahirdir. "Qazprom" idarə heyəti üzvlərindən biri Rumınyanın gündəlik mətbuat orqanı "La Repubblica"ya bildirib ki, şirkətin Avropaya yayılması əvəzində baş nazir Vladimir Putinin İtaliya baş naziri Sivio Berluskoniyə ölkənin enerji nəhəngi ENİ üçün Qazaxıstandakı Xəzər qazının istismar edilməsinə açdığını söyləyib. Bu isə "yeni", ya da Qəddafisiz Liviyada bağlanma riski ilə üzləşən ENİ üçün göydəndüşmə fürsət ola bilər.
Türkiyənin xəyalları qayalara çırpıla bilər
Türkiyə indi enerji xətlərini yalnız şərq-qərb oxunda deyil, şimal-cənub oxunda da inkişaf etdirmək istəyir. Bu ən az 9 ölkə ilə bağlı şəbəkə anlamına gəlir: Rusiya, Azərbaycan, Gürcüstan, Ermənistan, İran, İraq, Suriya, Livan və Misir. Hətta 2011-ci il Böyük Ərəb İnqilabının əvvəlində Qahirə, Oman, Dəməşq, Beyrut və Bağdadı bir-birinə bağlayacaq ərəb boru sisteminə dair ciddi danışıqlar aparılırdı. Bütün bunlara baxmayaraq üfüqdəki ciddi fırtına Türkiyənin xəyallarını qayalara çırpa bilər. Bu Avropa, Orta Şərq və Asiyada yerləşdiriləcək ABŞ-ın raketdən müdafiə sistemidir. Vaşinqton NATO-nun idarəsində olacaq raketdən müdafiə sistemini Avropada yerləşdirmək üçün İranı günahlandırır. Sağlam bir düşüncə ABŞ-ın bu düşüncəsinin əvəzinə yeni Avropa müdafiə sistemini Rusiyanı, Asiyada yerləşdiriləcək sistemin isə Çini hədəf aldığını söyləyərdi. Lakin İranı, eyni zamanda Suriyanı hədəf alan NATO raketdən müdafiə sistemini Türkiyədə yerləşdirmə ehtimalı qalır. Türkiyə özü də istəmədən siyasi bir qarışıqlıq içindədir. Davudoğlunun kitabından illər sonra, keçən il Türkiyənin Enerji və Təbii Qaynaqlar Nazirliyinin çap etdiyi rəsmi "Türk enerji strategiyası"nda neft və təbii qaz nəqlinin ölkənin beş strateji məsələsindən biri olduğu qeyd edilib. Türkiyənin yeni xarici siyasəti enerji üzərindəki qiymətləndirmələrə söykənir.