“Təsir altına düşən gənclərin özləri də səhvlərini etiraf edirlər” - MÜSAHİBƏ (SƏS TV)

9 Aprel 2011 02:39 (UTC+04:00)

- Azərbaycan gəncliyi ölkəmizin ictimai-siyasi vəziyyəti necə qiymətləndirir?

Rəşad Abbasəliyev: - Azərbaycan gəncliyi bu gün inkişaf edir, onlar üçün ölkəmizdə həddən artıq geniş şərait yaradılıb. Ölkə başçısı İlham Əliyev tərəfindən gənclərə geniş imkanlar yaradılıb. Bu yaxınlarda prezident İlham Əliyev gənclər siyasətinə dair 2011-2015-ci illərə dair proqramın hazırlanması ilə bağlı sərəncam da imzalayıb. Bu da bir gənc olaraq bizi çox sevindirir. Yeni Azərbaycan Partiyası Gənclər Birliyi (GB) də hər zaman bu mövzularda çox geniş tədbirlər hazırlayır. YAP GB olaraq bu yaxınlarda kimsəsizlərlə bağlı bir neçə tədbir keçirmişik. Biz təşkilat olaraq hər zaman YAP GB-nə, icra katibliyə minnətdarlığımızı bildirik ki, bu cür aksiyalarda tez-tez iştirak edirik. Tək bizim rayonda 2500-dən artıq gənc var. onların sayı gün-gündən çoxalır. Biz mütəmadi olaraq həmin gənclərlə işləyirik. Bizim partiyanın hər bir gənc üzvü fəxr edir ki, partiyanın sıralarındadır.

Babək Hacıyev: - Bu gün gənclər ölkənin aparıcı qüvvəsinə çevrilibdir. Son vaxtlar ölkədə gənclərlə bağlı gedən proseslər, gənclərə dair imzalanan sərəncamlar, gənclərə olan diqqət-qayğı, onların seçki orqanlarında iştirakı seçilməsi və bu prosesdə gənclərə üstünlüyün verilməsi Azərbaycan gəncliyinin inkişaf yolunda olduğunu göstərir. Bəzi qüvvələr var ki, onlar Azərbaycan gəncliyini gözdən salmaq, nüfuzuna xələl gətirmək üçü müxtəlif neqativ işlərə imza atırlar ki, bunu da pisləyirəm. Mən gəncləri Azərbaycan dövlətinin inkişafında öz töhfələrini verməyə çağırıram. Ölkə başçısının gənclərlə bağlı imzaladığı son sərəncam göstərdi ki, ölkəmizdə gənclərə diqqət və qayğı göstərilir.

- Son zamanlar gənclərin bəzi dairələrin təsiri altına düşərək ölkədə stabilliyi pozmağa cəhd münasibətiniz necədir?

Rəşad Abbasəliyev: - Bu gün həmin gənclərin yanı boşdur, onların təsiri altına düşən gənclər barmaqla sayılan qədərdir. İnternet vasitəsilə aparılan dialoqlarda da biz onların çox olmadıqlarını görürük. Azərbaycan gəncliyi təmiz gəncdir. Biz həmin gənclərə söyləyirik ki, gəlin bu yolda birgə addımlayaq. Təsir altına düşən gənclərin özləri də səhvlərini etiraf edirlər. Lakin onlar maddi maraq naminə təsir altına düşdüklərinə görə, məsələyə bir az fərqli yanaşırlar. Bu gün Azərbaycan hər sahədə inkişaf edir. Bu gün həmin gənclərin pis yola çəkildiyini görürük. Amma gənclərin təsir altına düşməsinə haqq qazandırmaq olmaz. Müxalif qüvvələr xüsusən, insanların çox olduğu yerlərdə asayişi pozur, istirahət edənlərin istirahətini pozur. Bu düzgün deyil.

- Bu gün koçaryanların, sarkisyanların yetirməsi olan erməni gənclər sosial şəbəkələrdə Azərbaycanın Konstitusiyasına zidd olan çağırışlar edən gənclərə dəstək verirlər. Sizin buna münasibətiniz?

Babək Hacıyev: - Təbii ki, belə hallarla rastlaşmışıq və qeyd edim ki, hətta bəzi qüvvələr Azərbaycanı ərəb ölkələri ilə müqayisə edirlər. Onlar bildirirlər ki, Azərbaycanda söz azadlığı yoxdur. Lakin bu tamamilə yanlış fikirdir. Biz onların sosial şəbəkələrdə qrup yaratdıqlarını görürük. Bu qrup içərisində 10-15 nəfərdən ibarət insanlar özləri üçün bir neçə ad qeydiyyatdan keçirərək kütləvilik yaradırlar. Şəhərin mərkəzində əhlinin sıx olduğu yerlərdə mitinq keçirməyə cəhd edirlər. Bu düzgün deyil. Onlar dövlət obyektlərinin, əhalinin sıx olduğu yerlərə üstünlük verirlər. Bu da insanların birbaşa psixologiyasına təsir edir. Onların əsas məqsədi dövlətimizə xələl gətirməkdir. Onlar xarici qüvvələrin dəstəyindən yararlanırlar. Şəbəkədə qrup yaradanların əksəriyyəti ermənilərdir ki, onlar ölkəmizdə qarşıdurma yaratmaq istəyirlər. Ona görə də gənclərimiz bu məsələdə diqqətli olmalı, onların təsir altına düşməməlidirlər.

- Müxalifətin təsiri altına düşən gəncləri bu yodan çəkindirmək üçün nə işlər görür, hansı addımlar atırsınız?

Rəşad Abbasəliyev: - Biz gənclər olaraq onlara yol göstərmək istəyirik ki, belə üsullarla heç nəyə nail olmaq olmaz. Gəlin ölkə başçısını dəstəkləyək. Onların özləri ölkə başçısını dəstəkləyir, lakin təsir qüvvələri onları bu yoldan çəkindirməyə çalışırlar. Onların başında duran ermənipərəst insanlar var. Bu gün bizim geniş imkanlarımız var və biz gənclər hər şeydən razıyıq. Azərbaycan tez bir vaxtda inkişaf edib. Biz gənclər də bunu görürük.

Babək Hacıyev: - Biz partiya olaraq öz mövqelərimizi , tutduğumuz yolu ortaya qoyaraq onları bu yoldan çəkindirməyə çalışırıq. Lakin onlar bu yoldan əl çəkmirlər, çünki onların havadarları var. Həmin havadarlar birbaşa xaricdən qrant, dəstək alır və bunun əsasında da hərəkət edirlər. Bizim 20 faiz torpaqlarımız işğal altındadır. Lakin onların sosial şəbəkələrdə belə qrup yaradıb çağırışlar etməsi məntiqsiz, gərəksizdir. Onların məqsədi şəhər mərkəzində mitinq edib vətəndaşların psixologiyasına zərər vurmaq, aksiyaya baxanları öz aralarına qoşub aksiya nümayəndələri kimi təqdim etməkdir. Gənclərimiz diqqətli olmalı belə çağırışlara getməməlidirlər. Bütün bu addımlar ölkəmizin gələcəyinə xələl gətirmək məqsədi daşıyır.