Mirhəsən Seyidov Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib

5 Mart 2020 14:06 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Mirhəsən Mirheydər oğlu Seyidov Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, Mirhəsən Seyidov 15 iyul 1989-cu ildə Sumqayıt şəhərində anadan olub. 1995-ci ildən etibarən 287 saylı “Zəkalar” litseyində təhsil almağa başlayıb. 2006-cı ildə orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Universitetinin Vergi və Vergitutma fakültəsinə yüksək göstərici ilə daxil olub. 2010-cu ildə ali təhsilin bakalavr pilləsini bitirib. Təhsilini davam etdirən MirHəsən Seyidov 2012-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq biznes MBI magistr dərəcəsi əldə edib. 2010 -2011-ci illər ərzində hərbi xidmətini başa vurmuşdur.

İctimai fəaliyyətinə 2005-ci il iyun ayında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında başlamış, sentyabrdan etibarən isə Gənclər üçün resurs mərkəzlərində könüllü olaraq fəaliyyət göstərmişdir. 2009-cu ilin dekabr ayından etibarən isə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ)-da baş katib müavini olaraq ictimai fəaliyyətinə davam etmişdir. 2012 May Azərbaycanda Avropa Hərəkatında İdarə Heyətinin üzvü olmuş, 2012-ci il İyul ayında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında sədr müavini vəzifəsində çalışıb. 2014-cü il 27 iyun tarixindən etibarən isə “İRƏLİ” İctimai Birliyinin sədri seçilib.