Müxalifətin 2 aprel aksiyası zamanı fiziki və hüquqi şəxslərə 14 min 203 manat dəyərində ziyan dəyib - ARAŞDIRMA
8 Aprel 2011 22:56 (UTC+04:00)
Məlum olduğu kimi, Bakıda aprelin 2-də keçirilən aksiyası zamanı fiziki və hüquqi şəxslərə, o cümlədən polisə məxsus avtomobillərə dəymiş ziyan hesablanıb. Bakı şəhər prokurorunun müavini, aprelin 2-də İctimai Palatanın keçirdiyi razılaşdırılmamış etiraz aksiyasında baş verənlərlə bağlı yaradılmış istintaq qrupunun rəhbəri Fazil Həsənəliyev məlumat verib ki, aparılan istintaq hərəkətləri nəticəsində çoxsaylı şahid ifadələri alınıb, aksiya iştirakçıları dindirilib, fiziki və hüquqi şəxslərə dəymiş ziyan hesablanıb. Müəyyən edilib ki, aksiya iştirakçıları tərəfindən paytaxtda ictimai asayiş kobud şəkildə pozulub, qarşıdurma yaradılıb, bir sıra mağaza və dükanlara, o cümlədən polisə məxsus avtomobillərə ümumilikdə 14 min 203 manat dəyərində ziyan dəyib. F.Həsənəliyev hazırda fakt üzrə başlanmış cinayət işi üzrə zəruri istintaq tədbirlərinin davam etdirildiyini qeyd edib. Xatırladaq ki, aprelin 2-də baş vermiş hadisələrlə bağlı fakta görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. Hadisələrlə bağlı 4 nəfər şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub. Bunlar Müsavat Partiyası sədrinin müavini Arif Hacılı, partiyanın Gənclər Təşkilatının sədri Tural Abbaslı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və AXCP üzvü Məmməd Məcidlidir. Saxlanılan şəxslərə qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham elan olunub.
Qeyd edək ki, radikal müxalifət partiyaları ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq məqsədilə qanunsuz kütləvi aksiyalar keçirmək istəyirlər. Həmin partiyalar öz məqsədlərini reallaşdırmaq istəyərkən isə guya sərbəst toplaşmaq hüququndan istifadə etdiklərini iddia edirlər. Əlbəttə, bütün demokratik cəmiyyətlərdə sərbəst toplaşmaq hüququ var və bu hüquq vətəndaşlara Konstitusiya ilə verilir. Bu mənada Azərbaycan Konstitusiyasında da insanların bu hüquqları təsbit edilib. Eyni zamanda, Konstitusiyanın müvafiq müddəalarına uyğun olaraq parlament tərəfindən "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanun qəbul edilib. Məhz sərbəst toplaşmaq məsələsi bu qanunun tələbləri əsasında reallaşdırıla bilər. Amma ölkəmizdə müxalifət partiyaları dəfələrlə sözügedən qanunu açıq-aşkar pozublar. Aprelin 2-də baş verən hadisə isə bu qanunsuzluğun davamı idi. Azərbaycanda ilk dəfə "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanun 1998-ci ildə qəbul edilib. Ölkəmizin Avropa Şurasına qəbul olunmasından sonra isə qanunların Avropa standartlarına uyğunlaşdırılması yönündə addımlar atılıb və 2008-ci ilin may ayında həmin sənədə ciddi dəyişiklər edilib. Onu da qeyd edək ki, dəyişikliklər məhz Avropa Şurasının Venesiya Komissiyası ilə birgə hazırlanıb və qurum bu sənədə müsbət rəy verib, sənədin beynəlxalq standartlara uyğun olduğu vurğulanıb. O zaman Venesiya Komissiyası katibliyinin nümayəndəsi Sergey Kuznetsov da mətbuata açıqlamasında dəyişikliklərin tamamilə müsbət olduğunu bildirmişdi. Bununla belə, bu hadisə həmin qanunun təkmilləşdirilməsi istiqamətində son addım olmadı. Azərbaycan parlamenti ötən il bu sənədə növbəti dəyişikliklər etdi ki, bu da vətəndaşların siyasi azadlıqlardan istifadə etmək hüququnun daha yüksək səviyyədə təmin olunması baxımından əhəmiyyətli hadisədir. Bütün bunlara rəğmən, ölkəmizdə bəzi müxalifət partiyalarının sərbəst toplaşmaq azadlığını qanundan kənar şəkildə reallaşdırmaq istəyi hələ də görünməkdədir. Amma nəzərə alınmalıdır ki, hər bir dövlət öz qanunları ilə idarə olunur. Bu mənada Azərbaycan dövləti də sivil və demokratik qanunlar əsasında idarə olunur və inkişaf edir. Biz hüquqi dövlətdə yaşayırıq və hüquqi dövlətin ən vacib məsələsi qanunun aliliyi prinsipidir. Belə cəmiyyətdə hüquqsuzluq, cəzasızlıq, qanunsuzluq mühiti yolverilməzdir. Ona görə də, hansısa qüvvə qanunları pozmaqla öz məqsədlərinə çatmaq istəyirsə, belə halların qarşısı dövlət tərəfindən qətiyyətlə alınır. Ümumiyyətlə, insan hüquq və azadlıqların təmin olunması dövlətimiz üçün prioritet məsələdir. Azərbaycan Konstitusiyasında olan müddəalar bu hüquqları təmin edir. Bununla belə, radikal müxalifətin öz məqsədlərini reallaşdırmaq üçün başqalarının hüquqlarını pozmaq, qanunsuzluq etmək cəhdləri də yolverilməzdir. Radikal müxalifət təmsilçiləri tez-tez istinad etdikləri Qərb dövlətlərində olan vəziyyəti də xatırlamalıdırlar. Yəqin ki, onlar inkişaf etmiş Avropa dövlətlərində, İngiltərədə, Fransada, Yunanıstanda və başqa ölkələrdə qanunsuz aksiyaların qarşısının hansı üsullarla alındığı KİV vasitəsilə izləyiblər. Onlara bu da məlumdur ki, Avropada belə aksiyaların qarşısı su şırnağı, gözyaşardıcı qaz, rezin güllə ilə, həmçinin, itlər vasitəsilə alınır. Yəni, həmin ölkələrdə Sərbəst topaşmaq azadlığı ilə bağlı qanunu pozanlar cəzalandırılır. Ona görə də, vətəndaşlar toplaşıb hansısa fikri, ideyanı gerçəkləşdirmək üçün bir araya gəlmək istəyirsə, bu, qanun çərçivəsində reallaşmalıdır. Qanuna əsasən kütləvi aksiyalar keçirmək üçün müvafiq icra hakimiyyəti ilə razılaşmaq lazımdır. Azərbaycanda isə müvafiq icra hakimiyyəti orqanı mitinqlər keçirmək üçün yerlər ayırıb. Əks halda, bundan kənar hərəkətlər etmək doğru deyil. Kütləvi aksiya keçirmək istəyənlər həmin yerlərdən birini seçib orada istədiyi fikirləri, şüarları səsləndirə bilərlər. Bununla bağlı heç bir məhdudiyyət yoxdur. Amma görünür, ölkəmizdə AXCP, Müsavat kimi partiyalar sərbəst toplaşmaq azadlığını başqa cür dərk edirlər. Onların təsəvvüründə sərbəst toplaşmaq insanların obyektlərini dağıtmaq, avtomobilləri sıradan çıxarmaq, sərnişinləri zorla marşrut avtobuslarından düşürüb öz mitinqlərinə qoşulmağa məcbur etməkdir. Aprelin 2-də baş verən hadisələr bunu bir daha təsdiqlədi.
Yeri gəlmişkən, onu da bildirək ki, ötən gün müxaliflər tərəfindən ziyana məruz qalmış ticarət obyektlərində olduq və vəziyyətlə maraqlandıq. Səməd Vurğun küçəsində yerləşən kompüter mağazasının sahibi Əmiraslan Əliyev bildirdi ki, müxalifətin qanunsuz aksiyası zamanı obyektə basqın edilib və aksiya iştirakçıları nəinki, mağazanın şüşədən olan qapısını, hətta, satışda olan bir neçə kompüteri də sıradan çıxarıblar: "Əlbəttə ki, biz bu hadisəni pisləyirik. Özlərini demokrat adlandıranların bu hərəkəti, əslində, barbarlıqdır. İnanırıq ki, məsələ obyektiv araşdırılacaq və bizə dəymiş ziyan ödəniləcək".
Qeyd edək ki, hadisə zamanı bir valyutadəyişmə məntəqəsinin də qapıları sındırılıb. Məntəqənin işçisi Eldar Qasımov deyir ki, hüquq-mühafizə orqanları vəziyyətlə maraqlanıblar: "Onlara hadisə ilə bağlı məlumat vermişik. Hazırda araşdırma aparılır. Bizə deyilib ki, dəymiş ziyan ödəniləcək. Yaxşı olardı ki, bu hadisəni törədənlər əməllərinə görə cavab versinlər".
Digər bir kompüter mağazasının nümayəndəsi Zaur Qasımov da müxaliflərin bu hərəkətini ən azı mədəniyyətsizlik kimi qiymətləndirir: "Onların bu hərəkətini kobudluq, xuliqanlıq, mədəniyyətsizlik kimi qiymətləndirmək olar. Vəziyyətlə bağlı müvafiq orqanlar maraqlanıblar və gözləyirik ki, bu hadisəni törədən şəxslər öz cəzalarını alacaqlar".