Aydın Mirzəzadə: “Müxalifət Azərbaycanı hara aparmaq istəyir?” - MÖVQE

8 Aprel 2011 23:06 (UTC+04:00)
Milli Məclisin bugünki iclasında müxalifətin aprelin 2-də keçirdiyi mitinqlərə etiraz edənlər sırasına millət vəkili Aydın Mirzəzadə də daxil olub. SİA-nın məlumatına görə, mitinqlə bağlı öz fikrilərini bildirən millət vəkili aksiyanın xarici ölkələrin mətbuatı tərəfindən şişirdilməsi ilə bağlı narazılığını ifadə edib. "Mitinq zamanı 200-300 nəfər çığır-bağır salıb. Bu 9-10 milyonluq xalq üçün bir o qədər böyük bir məsələ deyil, amma buna ayrı-ayrı ölkələrin mətbuatında geniş yer verilir. Burda narahatlıq doğuran məsələrdən biri də odur ki, Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin səfirliklərinin ayrı-ayrı təbəqələri də bu məsələyə dəstək verirlər. Azərbaycan müstəqil dövlətdir və müstəqil siyasət yeridir. Başa düşə bilmirəm ki, hansısa qüvvələr kimin qarşısında öhdəlik götürüblər, Azərbaycanı hara aparmaq istəyirlər, hansı Afrika ölkəsinə çevirmək istəyirlər?", - deyə A.Mirzəzadə qeyd edib. Millət vəkili Azərbaycan xalqını bu məsələdə mütəşəkkil olmağa çağırıb və ziyalıları ictimai rəyi nümayiş etdirməyə çağırıb: "Nə yaxşı ki, ictimai rəy var. Ziyalıların rəyi ortadadır. Ona görə də mən inanıram ki, bu məsələlərin qarşısı alınacaq".