Abel Məhərrəmov: “Magistraların hərbi xidmətə çağırılması təhsildə deformasiyaya gətirib çıxara bilər”

8 Aprel 2011 21:36 (UTC+04:00)
"Son zamanlar magistiratura pilləsində gənclərin hərbi xidmətə cəlb olunmasında çoxlu problemləır yaranıb". SİA-nın məlumatına görə, bu sözləri millət vəkili Abel Məhərmmov parlamentdə çıxışı zamanı deyib. O bildirib ki, Bakı Dövlət Universitetində 988 nəfər magistr pilləsində təhsil alır ki, onlardan 687 nəfəri qız, 301 nəfəri oğlandır: "Əgər bu oğlanlar növbəti hərbi xidmətə çağırılacaqsa, gələcəkdə elmi kim qabağa apara biləcək? Bilirik ki, qızlar bəzən ailə qurduqlarına görə elmlə məşğul ola bilmirlər. Oğlanların isə hərbi xidmətə çağırılması onların təhsildən yayınmasına gətirib çıxarır. İkinci problem isə ondan ibarətdir ki, hətta əyani şöbəyə daxil olan magistrlər bir müddətdən sonra dövlət qulluğuna elan çıxan kimi ərizə verib qəbul olunurlar. Bununla da onlar rektora müraciət edərək işlə təmin olunduğuna görə təhsildən azad edilməsini xahiş edirlər. Dövlət qulluğuna elan zamanı magistrların təhsildən yayınması təhsildə deformasiyaya gətirib çıxaracaq. Təklif edirəm ki, müvafiq qurumlar bu məsələni müzakirə etsinlər və məsələ gündəliyə çıxarılsın".