YAP-ın rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib FOTOLAR

29 Fevral 2020 13:14 (UTC+04:00)

Bu gün Yeni Azərbaycan Partiyasının İcra Katibliyində partiyanın rayon və şəhər təşkilat sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. SİA-nın verdiyi məlumata görə, müşavirədə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dinamik inkişafının uğurla davam etdiyini bildirib. Əli Əhmədov qeyd edib ki, Yeni Azərbaycan Partiyası və onun fəalları qazanılan uğurların cəmiyyətimizdə təbliği baxımından aktiv fəaliyyət göstərir.

YAP Sədrinin müavini həmçinin, ölkəmizdə ötən ilin dekabrında bələdiyyə, bu il fevral ayının 9-da parlament seçkilərinin keçirildiyini xatırladıb və deyib ki, hər iki seçki partiyamız üçün sınaq oldu. “Əslində, hər bir seçki sınaqdır. Bu dəfə isə iki seçki kampaniyasının demək olar ki, üst-üstə düşməsi bu sınağın möhkəmliyini göstərdi. Partiyamızın bütün strukturları bu sınaqdan uğurla çıxdılar. Həm bələdiyyə, həm də parlament seçkiləri kampaniyası Yeni Azərbaycan Partiyası üçün uğurlu oldu”-deyən, YAP Sədrinin müavini partiyanın rayon təşkilatlarının seçki kampaniyasının uğurla keçirilməsi üçün öz işlərini yaxşı təşkil etdiklərini diqqətə çatdırıb. Belə ki, seçki kampaniyaları zamanı rayon təşkilatları öz resurslarını tam səfərbər etdilər. Eləcə də, bu prosesdə gənclərimiz və partiyamızın könüllülərinin fəallığı xüsusi qeyd olunmalıdır.

Əli Əhmədov söyləyib ki, seçki kampaniyaları zamanı Prezident İlham Əliyevin siyasətinin uğurları, əldə olunan nailiyyətlər bir daha əhali arasında geniş təbliğ olundu. O qeyd edib ki, YAP bu seçki kampaniyalarını uğurla keçirməklə bir daha özünün cəmiyyətdəki nüfuzunu və rolunu təsdiq etmiş oldu.

Müşavirədə həmçinin, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov qarşıda duran vəzifələrdən də danışıb.

Tədbirdə partiyanın rayon və şəhər təşkilatlarının rəhbərlərinə qarşıda duran vəzifələrlə bağlı müvafiq tövsiyə və tapşırıqlar verilib.